"Laçında yaşamaq istəyirdi..." - Laçında ölən hərbçimizin həzin hekayəsi

"Laçında yaşamaq istəyirdi..." -  Laçında ölən hərbçimizin həzin hekayəsi
  30 İyun 2021    Oxunub:4641
“Orxan Laçının dağlarını çox xoşlayırdı. Deyirdi, əmi, mən xidmətimi bitirəndən sonra da burada qalacağam. Bundan sonrakı həyatını Laçında davam etdirmək istəyirdi”.
Azvision.az xəbər verir ki, bunu Laçın rayonunda yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Rəhimlinin əmisi Rövşən Rəhimli deyib. Hərbçinin yaxın qohumu qəzanın baş vermə təfərrüatları haqqında danışıb.

""KamAZ" markalı hərbi yük avtomobilində Laçının dağ yolu ilə gedirmişlər. Bir döngə olub, onu dönə bilməyiblər, yuvarlanıb dərəyə düşüblər. Maşında olan hər iki hərbçi - Orxan və Coşqun yerindəcə keçiniblər. Onların komandiri ilə söhbət etdim. Bildirdi ki, maşın üzü üstə aşıbmış. Onu çox çətinliklə yuxarı qaldırıblar. Hərbçilərin meyitlərini isə Füzulidə yerləşən xəstəxanaya aparıblar. Mən Orxanın nəşinin dalınca gedəndə onun rənginin sinəyə qədər qapqara qaraladığını gördüm. Bütün bədəni əzilmişdi”.

Əmisinin sözlərinə görə, Orxan 7 il imiş ki, MAXE kimi xidmət edirmiş. O, Vətən Müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Hadrutun azad olunması uğrunda döyüşüb.



“Cənab Prezident Silahlı Qüvvələr günündə onu “Füzulinin azad olunmasına görə” və “Hadrutun azad olunmasına görə” medalları ilə təltif etmişdi. Müharibə zamanı Orxan sürücü kimi xidmət edirdi. Hərbi maşınla gedəndə ermənilər onun apardığı topu vurmuşdu. Top dağılmışdı, Orxan isə ərazidən uzaqlaşa bilmişdi. Qardaşım oğlu Şuşaya qədər döyüşmüşdü”.

Orxan bir həftə bundan öncə 29 yaşını qeyd edibmiş. İki uşaq atası olan hərbçinin arzusu elə xidmət etdiyi Laçında ailəsi ilə birgə yaşamaq imiş.

“Müharibədə olanda hər gün zəng edirdim. Deyirdim, bala, özündən muğayat ol. Deyirdi, narahat olma, hər şey yaxşı olacaq. Müharibəni udacağıq. Allahın əcəli gəlib apardı.
Əslən Qubadlının Qiyaslı kəndindənik. Biz köçkün yaşamağın nə olduğunu bilirdik. Ona görə də Azərbaycanın hər qarışının azad olunmasına görə sevinirdik. Ailədə 5 uşaq - 2 bacı, 3 qardaşıq. Hamımızın balası müharibədə iştirak etdi.

Orxanın daha çox Laçın xoşuna gəlirdi. Deyirdi, xidmətimi başa vurandan sonra da orada yaşayacağam. Son nəfəsini də Laçında verdi”.



Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır. Hər iki hərbi qulluqçu Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediliblər.













Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Orxan   Laçın   qəza  





Xəbər lenti