Pandemiya səngiyən kimi birbaşa reyslərə başlanacaq - Səfir

 Pandemiya səngiyən kimi birbaşa reyslərə başlanacaq -  Səfir
  30 İyun 2021    Oxunub:1861
Azərbaycanla İordaniya arasında ən vacib sahələrdən birini turizm təşkil edir.
Azvision.az xəbər verir ki, bunu İordaniyanın Bakıdakı səfiri Sami Abdulla Goşeh bildirib.

Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi üçün Bakı-Əmman birbaşa hava reysinin açılması planlaşdırılırmış.

“Ötən ilin may ayında bu reysə start verilməli idi. Məsələ öz həllini İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin 2019-cu il dekabr ayında Bakıya səfərindən sonra tapdı. Lakin təəssüf ki, pandemiya bu reysin reallşmasına mane oldu. Koronavirusla əlaqəli vəziyyətdə səngimə olan kimi, birbaşa uçuşlar gerçəkləşəcək”, - səfir bildirib.

Onun sözlərinə görə, əsas məqsədləri daha çox İordaniya vətəndaşının Azərbaycana səfər edib, buranın tarixi məkanlarını, təbiətini və digər maraqlı yerlərini görməsidir:

“Eyni zamanda Azərbaycan vətəndaşlarının da İordaniyaya səfərlərinin artmasını istəyirik. Bu səfərlər təbii ki, insanlarımız arasında əlaqələrin inkişafına gətirib çıxaracaq".

Səfir bildirib ki, İordaniyaya səfərlər məhdudlaşmayıb, sadəcə gələn şəxslərdən 120 saat əvvəl PSR testi vermələri tələb olunur.

Sami Abdulla Goşeh onu da deyib ki, Azərbaycanla İordaniya arasında mədəniyyət sahəsinə bir sıra müqavilələr var və onları tam olaraq icra etməyə çalışacaqlar:

“Koronavirusla iki ilə yaxındır ki, mübarizə apardığımızı nəzərə alsaq, proses bir qədər ləngidi. Məqsədimiz budur ki, Azərbaycanda İordaniya mədəniyyət günlərini, İordaniyada da Azərbaycan mədəniyyət günlərini keçirək”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İordaniya   Azərbaycan   Səfir  



Xəbər lenti