"Koçaryanı siyasətdə neytrallaşdırmaq lazımdır"

  "Koçaryanı siyasətdə neytrallaşdırmaq lazımdır"
  30 İyun 2021    Oxunub:1857
Ermənistanda parlament seçkisindən təxminən 10 gün keçsə də, Robert Koçaryan hələ də ağır məğlubiyyətdən özünə gəlməyib.
Koçaryan son açıqlamasında cəmiyyəti faktiki qanuni hakimiyyətə qarşı itaətsizliyə və inqilaba çağırıb. Onun “il yarımdan sonra Ermənistanda erkən seçkiyə tələbat yaranacaq, biz bu hakimiyyəti sakit buraxmayacağıq” cümləsi də bundan xəbər verir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az –a verdiyi açıqlamada deyib ki, Koçaryan siyasətdə neytrallaşdırılmalıdır:

“Nikol Paşinyan müharibədə ağır məğlubiyyətlə üzləşdi, təzyiqlər qarşısında istefa vermədi. Dözdür, sadəcə məcburiyyət qarşısında müharibədən 6 ay sonra parlament seçkisi təyin etdi. Seçkidə yenə qələbə qazanan və özgüvəni artan Paşinyanı bundan sonra müharibə istisna olmaqla yenidən erkən seçki keçirməyə heç nə vadar edə bilməz.



Buna baxmayaraq, Paşinyan qarşısındakı əsas maneəni – Koçaryanı neytrallaşdırmaq barədə düşünməlidir və təsadüfi deyil ki, keçmiş prezidentə qarşı yenidən məhkəmə işinin başlaması haqqında xəbərlər dolaşır. Bu Paşinyanın Koçaryanın təxribatçı açıqlamalarına cavabıdır. Doğrudur, hazırda deputat mandatına malik olan eks-prezidenti həbs etmək elə də asan deyil. Ancaq Koçaryan həddini aşarsa, parlamentdə səs çoxluğuna malik Paşinyan onun deputat toxunulmazlığını ləğv edə bilər.

Robert Koçaryan son açıqlamasında yenə eyni fikri təkrarlayaraq Paşinyanı durdurmayacaqları halda, Ermənistanın Azərbaycana və Türkiyəyə təslim olacağını iddia edib. Biz “ağıl oyunları”nda elə etməliyik ki, iki nəticəyə nail olaq. Birincisi, Koçaryanın dediyi kimi addım-addım Ermənistanın Azərbaycan və Türkiyədən asılılığını təmin etməliyik. İkinici məqam isə, bu siyasəti apararkən Rusiyanın və onun Ermənistandakı Koçaryan kimi əlaltılarının təsir imkanlarını minimuma endirməliyik”.

Tural Tağıyev

Azvision.az



Teqlər: Koçaryan   Paşinyan  





Xəbər lenti