Deputat ATƏT PA-nın sessiyasında Ermənistanın cinayətlərindən danışıb

Deputat ATƏT PA-nın sessiyasında Ermənistanın cinayətlərindən danışıb
  30 İyun 2021    Oxunub:896
ATƏT PA-nın yaz sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əminə Ağazadə iclasda Ermənistan nümayəndə heyəti üzvlərinin çıxışlarına cavab verib.

Əminə Ağazadə erməni tərəfinin iradlarına cavab olaraq bildirib ki, dövlətlər öz ərazilərini "işğal" etmir, əksinə, öz torpaqlarını azad edir. Bu, faktdır ki, Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etmişdir.

Deputat qeyd edib ki, Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir:

“Ermənistan həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistan ərazisində Azərbaycanın mədəni irsini məhv etmək, dağıtmaq və mənimsəmək üçün sistematik siyasət yürüdüb. Ermənistan tarixi abidələri dağıtmaqla, onların memarlıq xüsusiyyətlərini dəyişdirməklə və “arxeoloji” qazıntılar aparmaqla öz qarşısına Azərbaycan mənşəyindən xəbər verən hər hansı bir işarənin tamamilə silinməsini hədəfləyən məqsədlər qoyub. Məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar, arxeoloji sahələr, həmçinin muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri ya tamamilə məhv edilib, ya da talan olunub. Məscidlər dağıdılıb və xarabalığa çevrilib. 67 məsciddən 64-ü darmadağın edilib və ya ciddi ziyan görüb. Xarakterik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə bir çox orijinal Azərbaycan mədəni obyekti amansız müdaxilələrə məruz qalıb. Bu hərəkətlər 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması” üzrə Haaqa Konvensiyası və onun iki Protokolu, “Qeyri-qanuni qadağan edilmə və mədəni sərvətlərə sahiblik hüquqlarının idxalı, ixracı və ötürülməsinin qarşısının alınması” Konvensiyası kimi UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir”.

Əminə Ağazadə bildirib ki, Ermənistan UNESCO-nun və digər ixtisaslaşmış beynəlxalq qurumların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə və oradakı mədəni irsin vəziyyətini qiymətləndirməsinə davamlı olaraq mane olub, ölkəmizin bu məqsədlə UNESCO-ya və digər təşkilatlara etdiyi çoxsaylı müraciətləri icra olunmamış qalıb.

“Bu da öz növbəsində Ermənistanın “cəzasızlıq” hissinin formalaşmasında rol oynayıb. Reallıqda Ermənistanın sistematik vandalizm aktları qarşısında Azərbaycan öz mədəni irsini qorumaq imkanlarından məhrum olmuşdur. Azərbaycan dövləti ən yüksək səviyyədə azad olunan ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada bərpa ediləcəyini, orada yenidənqurma işlərinin aparılacağını qətiyyətlə bildirir. Bizim həm ölkə daxilində, həm də xaricdə multikulturalizmin təbliğində təcrübəmiz bu baxımdan əhəmiyyətli zəmanət verir. Azərbaycan Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına müntəzəm səfərləri asanlaşdırmaqla artıq erməni mənşəli vətəndaşlarına qarşı da öz humanist niyyətlərini nümayiş etdirir”, - deyə o əlavə edib.

Deputat onu da diqqətə çatdırıb ki, Roma Papası Fransisk tərəfindən dünya üçün bir nümunə olaraq qiymətləndirilən Azərbaycan beynəlxalq ictimaiyyətə özünü fərqli mədəniyyətlərin, etnik və dinlərin dinc və birlikdə yaşadığı bir ölkə olaraq tanıdıb:

“Azərbaycan özünü bu ideyaların əsl təbliğatçısı kimi sözlərlə deyil, “Bakı Рrоsеsi" və digər təşəbbüsləri ilə sübut edib. Azərbaycan bu nailiyyətləri davam etdirməyə davam edəcək və mədəni hüquqlar da daxil olmaqla, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq hər bir vətəndaşı üçün bütün hüquqları təmin edəcək. Azərbaycan BMT-nin humanitar yardım üzrə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülhə və sabitliyə töhfə verməyə hazır olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT qurumları ilə yanaşı, ayrı-ayrı dövlətlər də daxil olmaqla, müvafiq beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Bu cür yanaşma beynəlxalq hüquqa, BMT-nin humanitar yardım, münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki fəaliyyətini tənzimləyən müvafiq qətnamə və sənədlərinə əsaslanır və münaqişənin vurduğu yaraların aradan qaldırmasına yönəlmiş qarşılıqlı etimad tədbiri kimi mühüm rol oynayacaq”.

Azvision.az



Teqlər: ATƏTPA  





Xəbər lenti