İndoneziya COVID-19-a qarşı məhdudiyyətləri sərtləşdirəcək

İndoneziya COVID-19-a qarşı məhdudiyyətləri sərtləşdirəcək
  01 İyul 2021    Oxunub:714
İndoneziya Prezidenti Coko Vidodo koronavirusun “delta” ştamının yayılması ilə əlaqədar iyulun 3-dən ölkədə sosial məhdudiyyətlərin sərtləşdiriləcəyini elan edib.
Azvision.az xəbər verir ki, C.Vidodo bu barədə bəyanatla iyulun 1-də milli televiziya ilə çıxışı zamanı bəyan edib.

Ölkədə yaranmış vəziyyəti şərh edən İndoneziya dövlətinin başçısı deyib: “Son günlər vəziyyət sürətlə pisləşir və bu bizdən daha ciddi qərarlar qəbul etməyi tələb edir”. Prezident qeyd edib ki, daha ciddi məhdudiyyətlər vəziyyətin daha ağır olduğu Yava adasında və Bali əyalətində iyulun 3-dən qüvvəyə minəcək. C.Vidodonun bildirdiyinə görə, həmin rejim iyulun 20-dək davam edəcək.

Bununla yanaşı, İndoneziya Prezidentinin vəziyyətlə əlaqədar bir sıra tədbirləri təsdiq etdiyi də bildirilir. Buraya həyati əhəmiyyət kəsb etməyən müəssisələrdən işçiləri məsafədən işə cəlb etmək, kafe, restoran və digər ictimai iaşə obyektlərindən isə fəaliyyəti dayandırmaq tələb edilir. Eyni zamanda, ölkədaxili uçuşlar zamanı yalnız vaksinin hər iki dozasını qəbul edən və mənfi test barədə arayışları olan sərnişinlərə icazə veriləcəyi vurğulanır.

Əlavə olaraq qeyd edək ki, Səhiyyə Nazirliyi son günlər ölkədə rekord sayda yoluxma qeydə alındığını bildirib. Belə ki, son məlumatlara görə, sutkalıq yoluxma sayı 21 min 800 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 2,2 milyon nəfərin COVID-19-a yoluxduğu, 58 min 400 nəfərin həyatını itirdiyi bildirilir.

Azvision.az



Teqlər: İndoneziya  





Xəbər lenti