- Çin özünə uyğun beynəlxalq nizam formalaşdırmağa çalışır. Bunun qarşısını birgə almalıyıq. Çinin lider olduğu dünya liberalizmə zərbədir. Məqsədimiz Çini geriyə atmaq deyil. Əsas vəzifəmiz beynəlxalq aləmdə mövcud durumun davamlığını təmin etməkdir. Əks halda dünyanı xaos bürüyəcək və Çin bundan öz məqsədləri üçün istifadə edəcək. Fransa prezidenti də bizim kimi düşünür.
Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əslində hazırda Avropanın özündə Çinlə bağlı yekdil fikir yoxdur. O, Blinkenin Çin əleyhinə müsahibəsinə ilk reaksiyanın Pekindən deyil, Moskvadan gəlməsini də diqqətçəkən məqam kimi qiymətləndirib:
- Bəllidir ki, Çin müxtəlif ölkələri “Bir kəmər - Bir yol” layihəsində iştiraka dəvət edib. Bu layihə həmin dövlətlərə əlavə qazanc əldə etməyə imkan verəcək. Bəs Amerika dünyaya hansı alternativi təklif edib? Vaşinqtonun hələ ki, konkret təklifi yoxdur. Bu təklif olmayınca Pekin “Bir kəmər – Bir yol” layihəsini icra etməkdə maneə görməyəcək.
Maraqlıdır ki, Blinkenin Çin əleyhinə müsahibəsinə ilk reaksiya Pekindən deyil, Moskvadan gəlib. Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova Blinkenin Çin haqqında tənqidi fikirlərini “liberal totalitarizm” kimi diyərləndirib. Zaxarova fikirlərini belə ifadə edib:
“Qərb Çinin qlobal proseslərdə və dünya iqtisadiyyatındakı rolunu azaltmağa çalışır. Onun irəli sürdüyü “dəyərlər” liberal totalirizmdən başqa bir şey deyil. Qərb Çini hədəf seçib. “Böyük yeddilər”in son toplantısı da bundan xəbər verir”.
“Böyük yeddilər”in son toplantısında kim nə demişdi?
ABŞ prezidenti Co Bayden Çini durdurmağın vacib olduğunu söyləmişdi. Böyük Britaniyanın baş naziri Boris Conson bununla razılaşaraq Çinə qarşı ortaq hərəkət etməyin əhəmiyyətini bildirmişdi. Buna baxmayaraq, Almaniya kansleri Angela Merkel insan hüquqları mövzusunu arxa plana atmadan ölkəsinin Çinlə əməkdaşlığa davam edəcəyini vurğulamışdı.
Politoloq bu aralar ABŞ Müdafiə Nazirliyinin öz hazırlıqlarını görməsini də maraqlı məqam sayıb. O, qeyd edib ki, amerikalı generallardan biri Konqresdəki çıxışında yaxın bir ildə Çinin Tayvana hücum etməyəcəyini desə də, gələcək təhlükə barədə xəbərdarlıq edib. Çin 2027-ci ildə ordusunun 100 illiyini qeyd edəcək. Rəsmi Pekin bu tarixə qədər ordusunun gücünü və hərbi texnika ilə təhcizatını artıracaq, o cümlədən, hərbi-dəniz qüvvələrinin imkanlarını da genişləndirəcək. Bundan sonra Tayvan adasının ələ keçirilməsi aktuallaşacaq. Bu 2027-2035-ci illər arasında baş verə bilər.
“Amerikalı general bütün bunları Konqresdə ona görə deyib ki, qanunverici orqan ABŞ dəniz qüvvələrinin Tayvan ətrafında gücünün artırılmasına və buna lazımi maliyyə ayırmasına dəstək versin”,- Elxan Şahinoğlu bildirib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


