Tarantinonun sonuncu filmi nə haqda olacaq? Versiya №1

   Tarantinonun sonuncu filmi nə haqda olacaq?    Versiya №1
  02 İyul 2021    Oxunub:2076
Kvention Tarantino artıq bir neçə dəfə qəti şəkildə təsdiqləyib ki, sonuncu - onuncu filmini çəkib, kinodan gedəcək. Maraqlıdır: bəs bu qeyri-adi rejissorun sonuncu işi nə olacaq? Kventin sonuncu akkordunu hansı mövzuda vurmaq istəyir?
Azvision.az xəbər verir ki, bunun “Kill Bill 3” olacağı istisna deyil. Yada salaq ki, birinci filmdə Beatriks Kiddo (Uma Turman) öldürdüyü Vernita Qrinin balaca qızına belə deyir: “Böyüyəndə qisas almaq istəsən, bu, sənin haqqındır. Mən səni gözləyəcəyəm”. Bu sözlər hələ 18 il əvvəl üçüncü filmin anonsu kimi qəbul edilə bilərdi.


Tarantinonun özü “The Joe Rogan Experience” podkastına müsahibəsində deyib ki, həqiqətən də, balaca qızın böyüyüb, superqatilə çevrilərək, anasının qisasını almaq üçün 20 il qocalmış “Gəlin”i tapması çox maraqlı süjet ola bilər.



- Bu filmdə Uma Turman ilə qızı Maya Houkun çəkiləcəyini düşünmək adamı vəcdə gətirir, - Tarantino bildirib,- Üstəlik, nəzərə almaq lazımdır ki, Ell Drayver də hələ sağdır, Sofi Fatal isə qolunun kəsilməsinə baxmayaraq, ölməyib. Qoqonun əkiz bacısı Şiaki də filmdə peyda ola bilər.
Azərbaycan və Türkiyə birlikdə film çəkəcək

Bu adlar sizə heç nə demir? Onda lütfən, “Kill Bill” dialogiyasına mütləq baxın. Bu, “görmədən ölmək olmaz” kateqoriyasına daxil olan filmlərdəndir.

Uma Turmanın üçüncü filmdə çəkilib-çəkilməyəcəyi bəlli deyil, çünki keçmiş ilham pərisi Tarantino ilə möhkəm küsülüdür. Səbəb odur ki, aktrisa “Kill Bill” filminin çəkilişi zamanı düşərək, möhkəm zədə aldığı avtomobil qəzasını Tarantinonun qəsdən təşkil etdiyini düşünür və rejissor hələ ki, bunun əksini sübut edə bilməyib.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Kino  





Xəbər lenti