Rusiyadan NATO təlimlərinə cavab: Qara dənizdə əzələ nümayişi davam edir

    Rusiyadan NATO təlimlərinə cavab:    Qara dənizdə əzələ nümayişi davam edir
  03 İyul 2021    Oxunub:1652
Rusiya son zamanlar NATO qüvvələrinin onun sərhədləri yaxınlığında hərəkətlənməsindən narahatdır. Azvision.az xəbər verir ki, xüsusən də Qara dənizdə keçirilən "Sea Breeze-2021" təlimləri rəsmi Moskvanı daha çox qıcıqlandırıb.
Bu səbəbdən də NATO-nun və onun müttəfiqlərinin hazırda Qara dənizdə davam edən təlimləri fonunda Rusiya Qara Dəniz Donanması, dəniz aviasiya qüvvələri, Cənubi Hərbi Dairənin təyyarələri ilə birlikdə bölgədə döyüş hazırlığı tədbirləri həyata keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən yerli mediaya verilən məlumata görə, Qara Dəniz Donanmasının dəniz aviasiya və hava hücumundan müdafiə təyyarələrinin ekipajları, Cənubi Hərbi Dairənin aviasiyası ilə birlikdə Qara dəniz üzərində təlim uçuşları reallaşdırıb.

“Rus hərbçilər xəyali düşmənin gəmilərinə qarşı raket və bomba zərbələri endirmək vəzifələrini yerinə yetiriblər. Həmçinin "Be-12" amfibia təyyarəsinin heyəti Qara dənizdəki hədəflərin kəşfiyyatını həyata keçirib. Xəyali düşmən gəmiləri rolunu isə böyük desant gəmiləri olan "Saratov" və "Orsk" icra edib" - Rusiya hərbi departamentinin mətbuat xidməti bildirib.



Məlumat üçün bildirək ki, Qara dəniz Donanması dəniz aviasiya qüvvələrindən çoxməqsədli "Su-30SM" qırıcıları və "Su-24M" ön xətt bombardmançıları, Cənubi Hərbi Dairənin etdiyi manevrlərə isə "Su-34" qırıcı-bombardmançı və "Su-27V" qırıcılar cəlb edilib. Rusiya mediasının yazmasına görə, pilotlar alçaq və orta hündürlüklərdən sadə, eyni zamanda mürəkkəb tapşırıqları yerinə yetiriblər. Əlavə olaraq onlar həm tək, həm də cüt şəkildə gəmilərin - şərti düşmənin hava hücumundan müdafiə sistemlərinin hədəflərini məhv ediblər.

Bütün bunlar isə cəmi bir neçə kilometr kənarda əsasən gəmilərlə təlimlər keçirən NATO qüvvələrinə hərbi və siyasi mesaj sayıla bilər. Bundan öncə Rusiya ordusunun dövlət təhlükəsizliyinə təhdidləri təsirsiz hala gətirmək üçün xüsusi tapşırıqların hazırlanması ilə təlimlər keçirəcəyi bildirilmişdi.

Xatırladaq ki, iyunun 28-də Qara dəniz bölgəsində Ukrayna Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə başlayan "Sea Breeze-2021" təlimləri hazırda davam edir. Təlimlərə görə Qara dənizə 30-dan çox ölkə 5000-ə yaxın əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı və dalğıc qrupu göndərib.

Bundan başqa bu günlərdə Krımdakı Fiolent burnu yaxınlığında Britaniyanın “Defender” esminesi Rusiyanın ərazi sularını pozmuşdu. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi onun qarşısını kəsərək esminesi geri qaytarmışdı. Həmçinin Rusiya son günlərdə bir neçə NATO ölkəsinə aid aviasiya və hərbi gəmilərlə kiçik insidentlər də yaşayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   NATO   Təlim   Qara-Dəniz  



Xəbər lenti