Böyük "xırda problemi": Azərbaycanda 3 manatlıq əskinaslara ehtiyac var

  Böyük "xırda problemi":  Azərbaycanda  3 manatlıq əskinaslara  ehtiyac var
  03 İyul 2021    Oxunub:3748
Bu gün ölkədə iri nominallı pulların xırdalanması ilə bağlı problem yaşanır. Əmək haqqı, pensiya və müavinətləri böyük əskinaslarla alan vətəndaşlar onları yalnız iri supermarket və yanacaqdoldurma məntəqələrində xırdalada bilir.
Kiçik mağazalarda, bazarlarda, taksiyə, avtobusa pul verərkən, ödəmə terminllarına pul köçürərəkən və digər bir çox ödəmələr zamanı vətəndaşlara 20, 50, 100 manatlıq pulları xırdalamaq xeyli çətinlik yaradır.. Problem dövriyyədə xırda əskinasların - 1, 5 manatlıqların az olması, 3 manatlığın isə ümumiyyətlə, olmaması ilə əlaqələndirilir.

Bəzən tələsdiyin üçün taksiylə təcili harasa getmək ehtiyacın yaranarkən üzərində xırda pulun yoxdursa, bu, o deməkdir ki, gedə bilməyəcəksən. Çünki mənzil başında taksi sürücüsü ilə əməlli-başlı problem yaşaya bilərsən. Bunu əvvəlcədən ona deyəndə isə 99,9 faiz ehtimalla, “məndə yüzlüyə xırda nə gəzir” cavabını alacaqsan.
Yaxud terminaldan avtobus kartına 5-10 manat yükləmək istəyirsən, cibində isə bircə yüzlüyün, yaxud əlliliyin var. Yayın qızmarında susuzluqdan yanırsansa, heç kəs bir butulka suya görə verdiyin iri pulu, hətta beşliyi, onluğu da xırdalamaq istəmir, “xırda ver” deyir. Səndə isə xırda pul, yaxud kiçik əskinas yoxdur.
Neyləməli?.. Bu problemə görə, hətta bəzən satıcı ilə müştəri arasında dava-dalaş da olur. Müştəri haqlı olaraq, verdiyi pul müqabilində normal, mədəni xidmət tələb edir. Satıcı, xidmətçi isə “yoxdur da, hardan tapım?” ritorik cavabını verir. Müştəri də “mənə nə var, o, sənin problemindir” deyir və buna haqq edir.

Bəs bu problem həqiqətənmi satıcının, yaxıd alıcınındır? Ya da biz kimin həll etməli olduğu problem ilə üz-üzəyik?

Azvision.az -ın əməkdaşı olaraq məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrənməyə çalışsaq da, sorğumuza hələ ki cavab verilməyib.

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov isə Azvision.az -a bildirdi ki, bu gün kiçik pullara olan tələbin ödənilməsi ilə bağlı çətinliklər həqiqətən var:

- Mərkəzi Bankın rəsmi mövqeyi ondan ibarətdir ki, qurum pul dövriyyəsi və istehlak bazarında tələbə uyğun olaraq, əskinasların dövriyyəsini tənzimləyir. Əskinasların kuporları, yəni onların göstəriciləri pul dövriyyəsində tələbə uyğun olaraq tənzimlənir. Reallıq bundan ibarətdir ki, xüsusən kiçik mağazaların bəzi hallarda iri pulları xırdalanması ilə bağlı texniki çətinliklərin olduğunu müşahidə edirik. Təqdim olunan əskinasların, xüsusən 50 və 100 manatlıq əskinasların xırdalanmasında çətinliklər müşahidə edilir. Təklif edirik ki, Mərkəzi Bank bütövlükdə pul dövriyyəsində kuporundan asılı olaraq, əskinaslara olan tələbi nəzərə almaqla tənzimlənmə həyata keçirsin.



V. Bayramov Mərkəzi Banka yeni kuporlu əskinasların dövriyyəyə buraxılması ilə bağlı təklif verdiklərini də açıqlayıb.
"Kiçik kuporlu əskinaslara tələbin yüksək olmasını nəzərə alaraq, məqsədəuyğun olardı ki, 3 manatlıq əskinasların dövriyyəyə buraxılması həyata keçirilsin. Çünki bu, böyük kuporlu əskinasların xırdalanması probleminin aradan qaldırımasına gətirib çıxara bilər. Digər tərəfdən, imkan verər ki, pul dövriyyəsinin daha uyğun və səmərəli şəkildə tənzimlənməsi mümkün olsun".

Aytən Zəhra
Azvision.az


Teqlər: Pul   Bayramov   xırdaqıtlığı  





Xəbər lenti