Mübahisəli müharibə memarı: "Qırğı Donald" tarixdə necə qalacaq (LONQRİD)

  Mübahisəli müharibə memarı:  "Qırğı Donald" tarixdə necə qalacaq  (LONQRİD)
  05 İyul 2021    Oxunub:2662
İyunun 29-da ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld Nyu-Mexiko ştatında öz evində 88 yaşında vəfat etdi. O bu vəzifədə iki dəfə, həm də ən məsuliyyətli dövrlərdə işləmişdi; əvvəlcə 1970-ci illərdə soyuq müharibə vaxtı, daha sonra 2000-ci ilin birinci yarısında Əfqanıstan və İraq müharibələri zamanı.
İki dəfə nazir

Donald Ramsfeld ABŞ-ın müdafiə nazirliyinə iki dəfə rəhbərlik etmiş yeganə şəxsdir. İki nazir vəzifəsi arasındakı müddət 24 ildir. Birinci dəfə o, 43 yaşlı ən gənc müdafiə naziri olsa da, ikinci dəfə nazirlərin ən yaşlısı idi və tutduğu vəzifədən 74 yaşında getdi.

Qərb təhlilçiləri Donald Ramsfeldin ölümünə müxtəlif reaksiyalar veriblər. “The New York Times” onun haqqında “Dörd prezidentlə işləmiş və çoxlarının fikrincə, başlanmasına qətiyyən ehtiyac olmayan müharibəni aparan” adam kimi yazır. “The Wall Street Journal” cənab Ramsfeldi “Əfqanıstana və İraqa müdaxilənin memarı” və “Amerika ordusunun təkmilləşdirilməsi və modernləşdirilməsinin tərəfdarı” adlandırır.

Brtitanıyanın "Guardian" qəzetindəki köşənin müəllifi isə yazır: “Biz hələ də Ramsfeld və onun bandasının faciəli hərəkətlərinin ağır nəticələrindən əziyyət çəkirik... Ramsfeldin tərifli qəhrəmanlığı yalanlar, cinayətlər və ölümlər üzərinə çəkilən duman örtüyündən başqa bir şey deyildi”.

Haqqında söylənən müxtəlif fikirlər, yəqin ki, Ramsfeldin özünün də xoşuna gələrdi. Axı onu yaxından tanıyan iş yoldaşları döyüşkən və zirək insan olduğunu, hökümətin içindəki, yaxud ABŞ Konqresindəki opponentləri konfliktlərdən sanki həzz aldığını bilirlər.

Sərt bürokrat

Donald Henri Ramsfeld 1932-ci il iyulun 9-da Çikaqoda doğulub. Onun valideynləri daşınmaz əmlak satışı üzrə agent idilər. Ailə bir neçə dəfə yaşayış yerini dəyişib. 1943-1945-ci illərdə Donald ailəsi ilə birlikdə Kaliforniyada yaşayıb, bu zaman, yəni İkinci dünya mühariubəsi illərində onun atası təyyarədaşıyan gəmidə xidmət edirdi. Donald Ramsfeld məktəbi bitirdikdən sonra Prinston universitetinə daxil olub və burada təhsillə bərabər, idmanla da fəal məşğul olub. Həm güləşib, həm də futbol komandasına kapitanlıq edib.

1954-cü ildə universiteti qurtardıqda hələ məktəb illərində tanış olduğu Coys Pirson ilə ailə qurub. Elə həmin ildəcə ABŞ hərbi-dəniz donanmasında xidmətə başlayıb. Əvvəlçə qırıcı-təyyarəçi, sonra instruktor kimi xidmət edib. 1957-ci ildə xidməti başa vurarkən artıq leytenant idi.
Donald Ramsfeld məktəb rəfiqəsi Coys Pirsonla bütün ömrü boyu evli olub. Onların üç övladı və altı nəvələri dünyaya gəlib.



Cənab Ramsfeldin siyasi karyerası da məhz hərbi xidmətini başa vurduqdan sonra başlayıb. Əvvəlcə o, Respublikaçılar partiyasından olan bir neçə konqresmenin ofisində çalışıb, 1962-ci ildə, yəni 30 yaşında özü İlinoys ştatından Nümayəndələr Palatasına üzv seçilib. Donlad Ramsfeld Konqresə 4 dəfə dalbadal seçilib. Son dəfə 1968-ci ildə.

Onun Riçard Nikson ilə çoxlu birgə fəaliyyəti olub. 1968-ci ildə Nikson ABŞ prezidenti seçiləndə cənab Ramsfeldə İqtisadi İmkanlar İdarəsinə rəhbərlik etməyi təklif edib. Bu İdarənin əsas işi yoxsulluqla mübarizə idi. Bu təyinat fəal surətdə tənqid edildi, çünki Ramsfeld lap əvvəldən bu idarənin yaradılmasının əleyhinə idi, “Medicare” sistemini və ərzaq talonlarını təqdir etmirdi. İdarənin başçısı olduqdan sonra isə, bəzilərinin narahatlığına rəğmən, onu bağlamasa da, fəaliyyətini məhdudlaşdırdı.



O zaman Ramsfeld təkcə xərcləri azaldan və işçiləri ixtisara salan sərt idarəçi kimi deyil, həm də opponentləri ilə sərt mübarizə aparan təcrübəli bürokrat kimi tanınırdı. Elə həmin illərdə o, gələcək müdafiə naziri və ABŞ vitse-prezidenti Dik Çeyni ilə tanış oldu və dostlaşdı. Dik Çeynini çox zaman Ramsfeldin irəli çəkdiyini söyləyirlər.

Sovet kabusu

İqtisadi İmkanlar idarəsindən sonra Donald Ramsfeld daha bir neçə inzibati vəzifə tutub, 1973-cü ildə isə ABŞ-ın NATO-da səfiri olub. 1974-cü ildə Cerald Ford ABŞ prezidenti olduqda cənab Ramsfeldi Brüsseldən geri çağıraraq, prezident administrasiyasının rəhbəri təyin etdi. 1975-ci ildə isə o, ABŞ-ın ən gənc müdafiə naziri oldu.



Ramsfeldin hərbi xidmət təcrübəsi olsa da, bütövlükdə o, Pentaqondakı işlərdən uzaq adam idi. O zaman Amerika ordusu Vyetnamdakı müharibədən sonra çətin günlərini yaşayırdı. Lakin müşahidəçilər Ramsfeldin yeni sahənin işlərinə çox tez əl qoya bildiyini qeyd edirlər. Deyilənlərə görə, bunda onun idmançı qabiliyyətləri az rol oynamayıb; o, biri əlini yerə dayaq verərək, enib-qalxmağı bacarır, yaxşı skvoş və digər oyunlar oynayırdı.

Donald Ramsfeld bu vəzifəsində SSRİ ilə mümkün toqquşma ehtimalına hazırlıq məqsədilə güclərin artıtlması proqramını hazırladı. O, Sovet İttifaqının güclənməsini nəzərdə tutaraq, dəfələrlə xoşagəlməz tendensiya haqqında danışmışdı.

Lakin 1976-cı ildə Demokratlar partiyasının seçkilərdə qələbə qazanması ilə Cimmi Karterin prezident olması Ramsfeldin də istefaya getməsiylə nəticələndi. O cəmi 14 ay müdafiə naziri oldu, bu isə böyük işlər görməyə bəs etmədi və onun hazırladığı proqram həyata keçmədi.

Sonrakı 20 ildə Ramsfeld “G.D. Searle & Company” adlı əczaçılıq şirkətinə və digər korporasiyalar rəhbərlik etdi, əsas etibarilə bizneslə məşğul oldu. Ancaq siyasi ambisiyaları hələ də qalırdı. 1988 və 1996-cı illərdə prezidentliyə namizədliyini irəli sürmək istəsə də, bu planlarından tez də vaz keçdi. Lakin Ramsfeldin maksimal populyarlıq dövrü hələ qabaqda idi.

Ən populyar müdafiə naziri

2001-ci ildə ABŞ prezidenti Corc Buş (kiçik) Ramsfeldi ikinci dəfə müdafiə naziri təyin edəndə onun artıq 74 yaşı vardı və ən yaşlı nazir idi. O, 2001-ci ildən 2006-cı ilədək bu vəzifədə qaldı. 11 Sentyabr terror aktları onun üçün dünyadakı hərbi fəallığı artırmağa bəhanə oldu.



Həmin ilin oktyabrında ABŞ Əfqanıstanda “Sarsılmaz azadlıq” adlı əməliyyata başladı. Məqsəd “Taliban” rejimini devirmək və “Əl-Qaida” terror təşkilatı ilə mübarizə aparmaq idi. Müharibənin əvvəli ABŞ üçün uğurlu oldu, Taliban devrildi. Ancaq tezliklə Əfqanıstanda çoxillik partizan müharibəsi başladı. Donald Ramsfeldin özünün müasir müharibə konsepsiyası vardı; əməliyyatları kiçik, ancaq yaxşı manevr bacarığı olan yerüstü hərbi hissələr HHQ-nın dəstəyi ilə aparmalı idi. Bu konsepsiyanı “Ramsfeld doktrinası” da adlandırırlar. Bundan başqa, Ramsfeld müxtəlif texnoloji yeniliklərin, o cümlədən, PUA-ların Amerika ordusunda daha geniş miqyaslı tətbiqinin tərəfdarı idi.

Lakin Ramsfeldin adını təkcə bu doktrina ilə bağlamırlar, hətta 2003-cü ildə başlayan, zəruriliyi və məqsədəuyğunluğu qızğın mübagisələr doğuran Əfqanıstan və İraq müharibələri ilə də. Əfqanıstan müharibəsində olduğu kimi, İraqda da nəzərdə tutulan məqsədə yetərincə tez nail olundu, Səddam Hüseyn rejimi yıxıldı, İraq ordusunun müqaviməti qırıldı. Ramsfeld Vyetnam müharibəsi zamanı müdafiə nazirliyinə rəhbərlik etmiş Robert Maknamaradan sonra ən populyar nazir oldu.

Lakin tezliklə İraqda və Əfqanıstanda daxili ziddiyyətlər kəskinləşdi (əsasən də şiələrlə sünnilər arasında) və partizan müharibəsi başladı. Nəticədə 4400 amerikan əsgəri və yüz minlərlə iraklı öldü. Bu iki konflikdə 50 mindən artıq amerikan hərbçi də yaralandı. Bəzi hesablamalara görə, İraq müharibəsi ABŞ-a 700 milyard dollara başa gəldi.

Böyük səhv

Donald Ramsfeldin ABŞ-ın müdafiə naziri olaraq İraqa müdaxilənin təşəbbüskarlarından biri olaraq sərt tənqid olunur.



Bu siyasət ABŞ-ın özündə də çox tənqid olunur. KİV-də amerikanların Səddam Hüseyn rejimində kimyəvi silah olması haqda iddialarının həqiqəti əks etdirmədiyi tez-tez vurğulanır. Bu əməliyyat haqqında dikussiyalar bu gün də səngimək bilmir, çoxları onu İraq müharibəsinin, İŞID-ın yaranmasının və Yaxın Şərqdəki digər münaqişə ocaqlarının səbəbi hesab edir.

Ramsfeld məhz o zaman həm ABŞ Konqresi üzvləri, həm də onu tənqid edən media ilə mübahisəyə hər zaman hazır adam kimi məşhurlaşdı. 2002-ci ildə Ramsfeld tənqidlərə cavab olaraq, KİV qarşısında İraq müharibəsinə həsr olunmuş ən məşhur çıxışlarından birini etdi. Yeri gəlmişkən, “Düzgün ingilis dili uğrunda” Britaniya qurumu bu çıxışı ilin “ən pəltək nitqi” mükafatına layiq görmüşdü.

“Elə elmlər var, biz onları bilmirik. Elə şeylər var, onları bildiyimizi bilirik. Onu da bilirik ki, elə şeylər var, onlar haqqında heç nə bilmədiyimizi bilirik. Bir də bilmədiyimiz şeylər var ki, onlar haqqında heç nə bilmirik: bilmədiyimiz şeylər haqqında bilmədiyimizi bilirik”, - o zaman Ramsfeld demişdi.

Donald Ramsfeldin ünvanına tənqidləri təkcə müharibə əleyhdarları səsləndirmirlər, bir çox Amerika generalları da İraq müharibəsi zamanı müdafiə nazirliyinin hərəkətlərini səhv hesab edirlər. “Ramsfeld müdafiənin təşkili üzrə öz məsləhətlərinə belə qulaq asmayıb, - istefada olan general-leytenant Bernard Treynor və hərbi müxbir Maykl Qordon gözlənilməz şeylərə hazır olmağın zəruriliyindən danışan müdafiə nazirinin fəaliyyəti haqqında yazırlar. – Əgər komandanlıq öz məsləhətlərinə qulaq assaydı, o, üsyançılara qarşı mübarizə tədbirləri planlaşdlrar və Bağdad təslim olan kimi anti-terror əməliyyatları aparardı”.

Ramsfeldi kiçik yerüstü qüvvələrlə müharibə ideyasına görə də tənqid edirdilər. Tənqidçilər deyirdi ki, İraqda qoşunların sayının çox az olması Səddam Hüseyn devrildikdən sonra ölkədə vəziyyəti sabitləşdirməyə imkan verməyən səbəblərdən biri oldu.

Xidmətin sonu

İraq müharibəsi Ramsfeldin siyası iflası ilə nəticələndi. Amma o özü sonradan müharibəni ciddi səhvlərlə apardığını etiraf etmir, İraqdan çıxmağı dəhşətli yanlış sayırdı. Bütün bu tənqidlərin fonunda 2006-cı ildə kiçik Corc Buşun ikinci prezidentliyinin ortalarında respublikaçılar ara seçkilərdə məğlub olduqdan sonra, prezident Donald Ramsfeldi istefaya göndərdi. İstefadan sonra cənab Ramsfeldin yazdığı memuarlar 2011-ci ildə “Məlum və Naməlum” adı altında çapdan çıxdı.

Donald Ramsfeld öz kitabında müdafiə naziri vəzifəsindəki fəaliyyətləri ilə bağlı hansısa peşmanlıq keçirdiyini ifadə etmirdi: “Regionun sərt Səddam rejimindən qurtulması daha stabil və təhlükəsiz dünya yaratdı”, - o yazırdı.

Donald Ramsfeld xeyriyyəçiliklə də məşğul olurdu və özünün “The Rumsfeld Foundation” fondunu yaratmışdı; fondun məqsədləri arasında “ölkə daxilində və xaricdə siyasi və iqtisadi azadlıqların dəstəklənməsi” vardı.

Ölümündən sonra ailə üzvləri Ramsfeldin onkoloji xəstəlik olan çoxalan mielomadan vəfat etdiyini açıqladılar. Kiçik Corc Buş Ramsfeldin ölümü münasibətilə verdiyi xüsusi bəyanatda onu “böyük ağla, dürüstlüyə və tükənməz enerjiyə sahib”, işlədiyi dövrdə Amerika ordusunu “daha təhlükəsiz və daha yaxşı” duruma gətirən insan adlandırdı.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Portret   Ramsfeld  





Xəbər lenti