"Taliban" gəlir, ordu qaçır: Daha 100 əfqan əsgəri Tacikistana keçdi

 "Taliban" gəlir, ordu qaçır:  Daha 100 əfqan əsgəri Tacikistana keçdi
  06 İyul 2021    Oxunub:1200
Bir neçə gündür Əfqanıstanla Tacikistan sərhədində yaranan gərginlik davam edir. Bu gün daha 100 əfqan əsgərinin Tacikistan ərazisinə qaçması barədə məlumat yayılıb.
Azvision.az xəbər verir ki, Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin yaydığı xəbərə görə, Taliban Bədəxşan vilayətində yerləşən Xoxon mahalını ələ keçirdiyi üçün ərazidən qaçan əfqan əsgərləri Tacikistan sərhədini keçiblər. Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzindən verilən məlumata görə isə yaraqlılar Xoxonu döyüşsüz ələ keçiriblər.

"Tacikistan sərhəd xidmətinin komandanlığı humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq geri çəkilən əfqan hərbçilərinin ərazilərimizə keçməsinə icazə verdi. Üstəlik, bu Taliban qruplaşmasının basqını zamanı Tacikistan ərazisinə keçən hərbçilərlə bağlı ilk hadisə deyil",- xəbərdə bildirilir.

Qeyd edək ki, bu gün Tacikistan Müdafiə Nazirliyi prezident Emoməli Rəhmonun təlimatına uyğun olaraq Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üçün ehtiyatda olan 20 min hərbi qulluqçunun sərhəd ərazilərinə göndərilməsinə qərar verib.

Xatırladaq ki, son iki həftə ərzində Tacikistan-Əfqanıstan sərhədində qarışıqlıq yaranıb. Taliblərdən qaçan əfqan qoşunlarına məxsus xeyli sayda hərbçi dəfələrlə Tacikistana keçib. Eyni zamanda, prezidentin dövlət sərhədində transmilli cinayət, terror və narkotik ticarəti hallarının qarşısını almağı da tapşırdığı bildirilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tacikistan   Əfqanıstan  



Xəbər lenti