Rusiyadan "Taliban"a cavab: Hərbi təlimlərə start verildi

      Rusiyadan "Taliban"a cavab:   Hərbi təlimlərə start verildi
  07 İyul 2021    Oxunub:1648
Tacikistanla Əfqanıstan sərhədində yaranmış gərginlik pik həddə çatıb.
Azvision.az xəbər verir ki, son günlərdə Taliban silahlılarının sərhəd bölgələri ələ keçirməsindən sonra yüzlərlə əfqan hərbçi Tacikistana qaçıb. Tacikistan Rusiyanın müttəfiqi olduğu üçün hazırda sərhəddəki gərginlik Kremldə də narahatlıq yaradıb.

Görünür bu səbəbdəndir ki, artıq Rusiya Tacikistanda hərbi təlimlərin keçirilməsinə qərar verib. Belə ki, ruslar hava hücumundan müdafiə ilə bağlı döyüş hazırlığının yoxlanılması üçün təlimlərə start veriblər. Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasının “S-300PS” zenit raket sistemləri bölməsinin heyəti həyəcan siqnalı ilə poliqona daşınıb. Təlimlərə 201-ci hərbi bazada xidmətdə olan hücum və nəqliyyat-döyüş helikopterləri də cəlb olunub.



Xatırladaq ki, bundan əvvəl Rusiyanın cənubunda "S-400"lərdən istifadə olunmaqla hərbi təlimlər keçirilmişdi. Mütəxəssislər bunu NATO və Ukraynanın Qara dənizdə birgə təşkil etdiyi "Sea Breeze-2021" təlimlərinə cavab kimi qiymətləndirirlər. Tacikistanda başlanan yeni təlimlər isə Talibanın Rusiyanın müttəfiqi üçün yaratdığı yeni sərhəd təhlükələri ilə əlaqələndirilir.
Qeyd edək ki, dünən Tacikistan Müdafiə Nazirliyi prezident Emoməli Rəhmonun təlimatına uyğun olaraq Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üçün ehtiyatda olan 20 min hərbi qulluqçunun sərhəd ərazilərinə göndərilməsinə qərar verib.

Son iki həftə ərzində isə Tacikistan-Əfqanıstan sərhədində xaotik durum yaranıb. Taliblərdən qaçan əfqan qoşunlarına məxsus xeyli sayda hərbçi dəfələrlə Tacikistana keçib. Eyni zamanda, prezidentin dövlət sərhədində transmilli cinayət, terror və narkotik ticarəti hallarının qarşısını almağı da tapşırdığı bildirilir.

Tural Tağıyev
Azvision.az




Teqlər: Təlim   Rusiya   Tacikistan   Taliban  



Xəbər lenti