Türkiyə kəşfiyyatının FETÖ əməliyyatı Qırğızıstanı qəzəbləndirib - Detallar

Türkiyə kəşfiyyatının FETÖ əməliyyatı Qırğızıstanı qəzəbləndirib -  Detallar
  07 İyul 2021    Oxunub:6944
Türkiyə ilə türkdilli dost ölkə Qırğızıstan arasında qalmaqal yaranıb. İyulun 5-də axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hələ mayın 31-də itkin düşən “Sapat” qırğız təhsil müəssisəsinin rəhbəri Orxan İnandını gizli şəkildə Ankaraya gətiriblər. Burada o, FETÖ hərakatında iştirak etdiyi üçün məhkəmə qarşısına çıxmalıdır.
Türkiyə hakimiyyətinin Fətullah Gülən tərəfdarlarını həbs etməsi yenilik deyil, ancaq onların ekstradisiyası hərmişə üçüncü ölkələrin hökümətlərinin razılığı ilə baş tutub. Lakin qırğız höküməti bundan xəbərsiz olduğunu iddia edir.

Azvision.az xəbər verir ki, TRT telekanalına çıxış edən R. T. Ərdoğan FETÖ-nün Orta Asiyadakı kuratoru Orxan İnandının xüsusi xidmət orqanlarının ciddi səyləri ilə Türkiyəyə gətirildiyini xəbər verib. “Bu gün sözügedən terror qruplaşması ilə mübarizə çərçivəsində bir çox ölkələrdən 100 nəfərdən artıq şəxs Türkiyəyə gətirilib. Biz FETÖ-nü tamamilə ləğv edənədək onunla mübarizə aparacağıq,”- o, deyib. Bu zaman ekranda Orxan İnandının iki türk bayrağı arasında dayanmış fotosu nümayiş etdirilib.


- Biz dövlətimizi və millətimizi satan heç bir quruma pusqu qurmağa, qan tökməyə, yaxud maddi zərər vuraraq, fəaliyyət göstərməyə imkan verməyəcəyik- Ərdoğan sözlərinə əlavə edib.

Xatırladaq ki, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin başçılıq etdiyi FETÖ qruplaşması tərəfdarları 2016-cı ildə Ankarada dövlət çevrilişinə cəhd etmişdilər. Gülən özü də bu hadisələrlə əlaqəsi olduğunu inkar etmir. FETÖ eyni zamanda, Türkiyədən kənarda da geniş informasiya şəbəkəsi resurslarına və təhsil müəssisələrinə himayədarlıq etməsiylə tanınır. Məsələn, Qırğızıstanda 1992-ci ildən etibarən “Sebat” liseylər şəbəkəsində işləyənlər “gülənçi” sayılırdılar, 2017-ci ildə şəbəkənin adı dəyişdirilərək “ Sapat” edildi. Şəbəkəyə məhz Orxan İnandı başçılıq edirdi. O, 1995-ci ildən Bişkekdə yaşayırdı, Türkiyə və Qırğızıstan vətəndaşlığı vardı.


Hərbi çevriliş cəhdindən sonra Ankara “Sapat”ın fəaliyyəti ilə ciddi şəkildə maraqlanmağa başladı. Lakin 2017-ci ildə Qırğızıstanın prezidenti Almazbek Atambayev türkiyəli tərəfdaşlarını inandırdı ki, şəbəkə ölkənin təhsil nazirliyinin nəzarəti altında fəaliyyət göstərir və heç bir təhlükə törətmir. Eyni sözləri onun xələfi Sooronbay Jeenbekov da təkrarladı. Onun vaxtında Bişkekə səfər edən Ərdoğan Qırğızıstanda “Sapat”a alternativ olaraq yeni türk liseyi “Maarif” in açıldığını bəyan etmişdi. Bununla belə, “Sapat”ın 16 liseyi və bir “Ala-Too” univeritet hələ də fəaliyyətdədir. “Maarif”in isə Bişkekdə və Oşda cəmi iki məktəbi var ki, onlar da hələ tikilirlər.

Orxan İnandı mayın 31-də itkin düşüb. Onun avtomobilini boş halda tapıblar. Həyat yoldaşı Reyhan xanımın ərinin Türkiyə səfirliyində saxlanılması haqqında açıqlamaları geniş rezonans doğurub. Bişkekdə demək olar ki, hər gün etiraz aksiyaları keçirilib.

Qırğızıstan höküməti də problemlə yetərincə yüksək səviyyədə məşğul olurdu: DİN-də insan oğurluğu maddəsi ilə cinayət işi qaldırılıb və təhsil müəssisəsinin başçısı beynəlxalq axtarışa verilib. Prezident Sadır Japarov DİN-i və milli təhlükəsizlik üzrə Dövlət komitəsini axtarışları gücləndirməyə çağırıb. Təhlükəsizlik Şurasının iyunun 3-də keçirilən iclasında isə, işin tezliklə araşdırılması üçün “qurumlararası koordinasiyanın gücləndirilməsinin zəruriliyi” vurğulanıb.

İyunun 7-də keçirilən parlament dinləmələrində Xarici İşlər nazirinin müavini Aybek Artıkbayev 2019-cu ildə Türkiyənini Orxan İnandının ekstradisiyasına nail olmaq cəhdindən danışdı. Lakin onun dediyinə görə, Bişkek, liseylər şəbəkəsi direktorunun 2012-ci ildən etibarən Qırğızıstan vətəndaşı olduğunu əsas gətirərək, bundan imtina edib.

Ankarada rəsmi səfərdə olan Sadır Japarov Türkiyəli həmkarına Orxan İnandı haqqında sual verib. Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev yerli “Akipress” nəşrinə bildirib ki, Ərdoğan onu tanımadığını, onda bu barədə heç bir informasiya olmadığını və FETÖ tərəfdarları haqqında heç bir şey eşitmək istəmədiyini söyləyib. Prezident Ərdoğan öz növbəsində məlumat verib ki, Sadır Japarovla “FETÖ-nün hər iki ölkənin milli təhlükəsizliyi üçün təhlükə törətməsi məsələsində” fikirləri üst-üstə düşüb.


İndi Ankara yeni bəyanatlar verdikdən sonra Sadır Japarov “ 24.kg” nəşrinə bildirib ki, Orxan İnandının qaçırılmasına digər cəhdlərdən də xəbərdardır. “KİV Orxan İnandının itməsi haqda məlumat verən kimi, mən hüquq-mühafizə orqanlarını topladım, - cənab Japarov deyib. – Onlara tapşırdım ki, onu tapmaq üçün sərhədləri mümkün qədər tez və diqqətlə yoxlasınlar. Elə həmin gün Orxan İnandı haqqında ətraflı informasiya aldım. Sən demə, 2016-cı ildən bəri onu 3 dəfə oğurlamaq istəyiblər”.

Qırğızıstan türk investisiyasından asılıdır
, bununla belə, Sadır Japarov Ankara ilə qarşıdurmaya getməyə hazır olduğunu bildirib.

“Mən xarici işlər naziri Ruslan Kazakbaevə dərhal tapşırıq verdim ki, səfiri (Türkiyə - red.) çağırsın və ona etirazını bildirsin. Bu gün nota təqdim olunub. Bu məsələni Türkiyənin qarşısında qaldırmışıq və Orxan İnandının geri qaytarılmasını tələb edəcəyik. Ancaq Türkiyə hələ ki rəsmi cavab verməyib. Onlar şifahi formada bildirirlər ki, Orxan İnandı Türkiyə vətəndaşıdır və heç vaxt vətəndaşlıqdan çıxmayıb. Biz Türkiyənin rəsmi cavabını gözləməliyik”, - Sadır Japarov deyib.

Təhsil müəssisələri şəbəkəsi başçısının həyat yoldaşı Reyhan İnandı ərinin azad edilməsi üçün mübarizə aparmaq əzmindədir. O, ərinin hüquqlarını vəkil Talayqul Toktakunova nın köməyi ilə həm Türkiyə, həm də Qırğızıstan hökümətləri qarşısında müdafiə edəcək. O, “Ъ” nəşrinə açıqlamasında Qırğızıstanın baş prokurorluğuna məhkəmə öncəsi istintaq aparması üçün müraciət etdiyini bildirib; məqsəd iki ölkə vətəndaşının yoxa çıxmasında günahkar olanları tapmaqdır.

“Biz İnandının ölkəyə və ailəsinə qayıtması üçün Qırğızıstan hökmətindən bütün lazımi tədbirləri görməsini tələb edəcəyik” , - xanım Toktakunova deyib.

“Baş vermiş qalmaqalın iki izahı var; ya bizim xüsusi xidmət orqanları sayıqlığı itiriblər, ya da yerli hakimiyyət qaçırılmaya kömək edib.Üçüncü variant mümkün deyil, - Qırğızıstan parlamentinin beynəlxalq əlaqələr və təhlükəsizlik komitəsinin sədr müavini “Ъ” nəşrinə bildirib. – Qırğıstan konstitusiyası öz vətəndaşlarının təhlükəsizliyinə təminat verir və onları başqa ölkələrə təhvil verməyi qadağan edir”.

İstanbuldakı Türkiyə-Almaniya universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin əməkdaşı Enes Bayraklı da “Ъ” nəşrinə açıqlayıb ki, Bişkek təzyiqlərdən yayınmaq üçün Türkiyə xüsusi xidmət orqanlarının əməliyyatından xəbərdar olduğunu qəsdən inkar edə bilər. “Gülənçilər Qırğızıstanda çox fəaldırlar, onlar ölkənin elitar dairələrinə sıza biliblər, - o deyib. – Bu qədər çox səs-küy qalxması da bununla əlaqədar ola bilər. Mən bütün detalları bilmirəm, ancaq prezident Ərdoğan Orxan İnandının qanunsuz olaraq qaçırıldığını dəqiqləşdirməyib. Mənə elə gəlir ki, yerli hakimiyyətlə əməkdaşlıq hər halda olub”.

Qeyd etmək lazımdır ki, Ankaranın Gülən təhsil müəssisələrinin nümayəndələrini təqib etməsi halı ilk dəfə deyil. Məsələn, 2018-ci ildə Moldovadakı “Orizont” lisey şəbəkəsində də analoji hadisə olmuşdu. O zaman əvvəlcədən sığınacaq istəyən müəllimləri ölkədən çıxarmışdılar. Lakin bunu Moldova İnformasiya və Təhlükəsizlik xidməti özü etmişdi. Diqqət cəlb etməmək üçün “islamçı qruplaşmalarla əlaqədə şübhəli bilinən, bir çox ölkələrdə qanunsuz fəaliyyət göstərən” şəxslərin ad və vətəndaşlıq mənsubiyyəti bildirilmədən ölkədən çıxarıldığı xəbər verilmişdi. Amma jurnalistlər hava limanında bir gün əvvəl saxlanılmış müəllimlərin qohumlarını və vəkillərini görmüşdülər.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Türkiyə   Qırğısıztan   Orxanİnandı   Gülən  





Xəbər lenti