"Banan adam": Moizi kim idi və onu niyə öldürdülər - Detallar

  "Banan adam":  Moizi kim idi və onu niyə öldürdülər -  Detallar
  07 İyul 2021    Oxunub:4948
Bu gün Haiti prezidenti Jovenel Moizinin öldürülməsi xəbəri bütün dünyanı şoka saldı. 53 yaşlı dövlət başçısı ilə birlikdə həyat yoldaşı da iqamətgahlarına hücum edən naməlum silahlıların qurbanına çevrilib.
Bəs bu dəhşətli hadisənnin səbəbi nədir? Moizin aradan götürülməsi kimlərə və nə üçün lazım idi? Azvision.az aydınlaşdırmağa çalışıb.

Jovenel Moizi kim olub?

Moizinin tərcümeyi-halına nəzər yetirdikdə Haiti prezidentinin maraqlı həyatının olduğunu görürük. O, 1968-ci il iyunun 26-da Haitinin şimal-şərqindəki Tru-dyu-Nord kommunasında anadan olub. Atası Etyen Moizi əkinçi və tacir, anası Lyusiya Bruno isə dərzi olub. Moizi ailəsi 1974-cü ildə Port-o-Prens şəhərinə köçüb. Gələcək prezident burada nüfuzlu bir kollecdə orta təhsil alıb. Moizi həyat yoldaşı Martin Mari Etyen Jozef ilə kollecdə tanış olub və 1996-cı ildə 18 yaşında ikən ailə qurub. Gənc ailə Haitinin paytaxtından Port de Paysa köçüb. Beləcə, Moizi burada kənd təsərrüfatı işlərinə girişib. Banan yetişdirməyə başlayan Moizi investorlar taparaq ilk şirkətini qurub. Bacarıqlı gəncin banan plantasiyası tez bir zamanda 10 hektara qədər genişlənir. Gənc iş adamının bananlarına güclü tələbat yarandığı üçün bu biznes Jovenelə yaxşı gəlir gətirir.



"Banan adam"

Banandan qazanılan pullar sayəsində Jovenel Moizi digər layihələrə də yatırımlar etməyə başlayır. Xüsusilə də onun içməli su ilə bağlı şirkətlərdən birinin - "Culligan"ın sərmayəçi olması diqqət çəkib. Çünki Haiti adasında içməli su əsas problemlərdən biridir. Bundan sonra o, torpaqların əkinçilik üçün yararlı hala gətirilməsinə başlayıb. Əvvəllər isə bu ölkədə torpaqların böyük qismi əkinçiliyə yararlı olmayıb. Bu layihənin uğurlu icrası 1000 hektar ərazini banan əkini üçün bərpa etməyə də imkan yaradır.
Haitidə etirazlar: 6 ölü - VİDEO

Moizinin layihələri sayəsində 3 min haitili fabriklərdə daimi iş yeri, 10 mindən çox adam isə müxtəlif sahələrdə çalışmağa başlayıb. 2010-cu ildə baş verən dəhşətli zəlzələ nəticəsində sözün həqiqi mənasında yerlə yeksan edilmiş bir ölkə üçün bu cür layihələr irəliyə doğru böyük bir addım idi. Moizi digər bir çox layihələrdə də, xüsusən ekoenerji və ekoturizmdə aktiv iştirak edib. Lakin onun adı uzun müddət bananla əlaqələndirilib. Hətta Moizi xüsusi ləqəb də alıb - "Banan adam" ( "Neg Bannann-Creoleda" - red. ).

Biznesdən siyasətə

Müəyyən müddət keçəndən sonra bu uğurlu iş adamı artıq populyarlığını siyasətdəki səslərə çevirməyə qərar verib. 2015-ci ildə ölkə prezidenti, keçmiş musiqiçi Mişel Marteyi Moizini hakim "Tet Kale" partiyasına xələf və rəhbərliyə namizəd elan edir. Sosial ədalət şüarları sayəsində hakimiyyətə gələn Marteyi özü isə korrupsiyada günahlandırılır və siyasətdən getmək məcburiyyətində qalır. Moizi bundan sonra sələfinin dürüst və təkmilləşdirilmiş bir oxşarı olmalı imiş. O, sələfi kimi bütün diqqətini ABŞ-la münasibətlərə yönəldir.

"Banan adam” qatıldığı prezident seçkilərinin ilk turunda qalib gəlsə də, nəticələri saxtalaşdırmaqda günahlandırıldı. Bu səbəbdən Haitidə kütləvi xalq etirazları başlayır və beləcə ölkədə siyasi böhran meydana gəlir. 2016-cı ilin payızında Haitidə yenidən seçkilər keçirildi. Jovenel Moizi 55.67 faiz səs çoxluğu ilə seçkiləri qazandı. 7 fevral 2017-ci ildə isə Moise and içərək Haitinin prezidenti oldu.

Ümumiyyətlə Moizi hakimiyyətini "uğurlu" adlandırmaq olmaz. Haiti qeyri-sabit siyasi sistemə malik yoxsul bir ölkə olaraq qaldı. Prezidentin iddialı planlarına korrupsiya, koronavirus pandemiyası və qlobal iqtisadi böhran mane oldu. Moizinin özü dəfələrlə korrupsiyada, xüsusən "Petrocaribe" proqramından pul mənimsəmədə günahlandırıldı.


İnflyasiya ilə daha da şiddətlənən davamlı böhrandan sonra haitililər Moizinin prezidentliyinin ikinci ildönümündə kütləvi aksiyalara başladılar. Nəticədə 2018-ci ildəki aksiyalar 6 nəfərin ölümü ilə nəticələndi. Etirazlar isə həm siyasətçi kimi Moiziyə, həm də ABŞ-a qarşı yönəlmişdi. Küçələrə axışan kütlə hətta Rusiya prezidenti Putinin adını qışqıraraq ABŞ-ın bayrağını yandırırdılar.
2018-ci ilin oktyabrında, ölkənin qurucusu Jean Jakues Dessalinesin vəfatının 212-ci ildönümü münasibətilə təşkil edilən mərasim zamanı Moiziyə sui-qəsd cəhdi edildi. Prezidentə atəş açılsa da o yaralanmadı və təhlükəsiz yerə təxliyyə edildi.

Belə bir qarışıqlıq fonunda parlament bir neçə dəfə yeni baş nazirlərin təsdiqini və kabinetin təyin edilməsini də rədd etdi. Müxalifət millət vəkilləri Moiziyə 2019-cu ilin avqust ayında impiçment tətbiq etməyə çalışsalar da bunun nəticəsi olmadı. Beləcə narazı xalq son illərdə Moizini hakimiyyətdən uzaqlaşmağa çağırdı. Lakin uğursuz rəhbər bu tələbin yerinə yetirilməsindən imtina edərək vəziyyəti düzəldəcəyinə söz verdi.

Moizi Haiti konstitusiyasını dəyişdirmək üçün referendum keçirməyə də çalışmışdı. Nəzərdə tutulan dəyişikliklərə əsasən, ölkədə prezident və icra hakimiyyətləri gücləndirilməli idi. Ancaq referendum koronavirus pandemiyası səbəbindən iki dəfə təxirə salındı.

Paralel olaraq ölkədəki ictimai-siyasi vəziyyət geriyə gedən iqtisadiyyat, yüksək inflyasiya və bahalaşma səbəbindən daha da pisləşdi. Bu ilin fevralında Haiti hüquq-mühafizə orqanları Moiziyə qarşı çevriliş cəhdini və sui-qəsdin qarşısını aldmışdılar. Brifinq zamanı ölkə prezidenti çevriliş etmək istəyənlərin onu öldürməyi planlaşdırdıqlarını söyləmişdi.

Qeyd edək ki, uzun müddətdir ki, müxalifət arasında prezidentin səlahiyyət müddəti ilə bağlı mübahisələr də var idi. Bəzi siyasətçilər 5 illik müddətin seçkilərin keçirildiyi tarixdən (2015-red.), digərləri isə andiçmənin olduğu tarixdən sayılmalı olduğunu hesab edirlər. Artıq siyasi şərhçilər bu müzakirələrə və narazılıqlara 7 iyul gecəsi baş verən məlum sui-qəsd hadisəsindən sonra son qoyulduğunu düşünür.
Siyasi arenadan 53 yaşında sui-qəsd yolu ilə uzaqlaşdırılan Mozinin konkret olaraq hansı səbəbdən öldürülməsi hələ ki, dəqiq məlum deyil.

Tural Tağıyev
Azvision.az


Teqlər: Haiti  





Xəbər lenti