Kimin bibisi olduğunu göstərdi: BBC yenə ermənilərə "dayılıq" edir

  09 İyul 2021    Oxunub :764
 Kimin bibisi olduğunu göstərdi:  BBC yenə ermənilərə "dayılıq" edir
Bütün dünyaya demokratiya dərsi verməyə çalışan mediaresurslardan biri yeni qalmaqala imza atıb. Hamının yaxşı tanıdığı, propaqandasını əsasən post-sovet məkanında aparan “BBC” mediakorporasiyasının rus xidməti, jurnalist etikasını və beynəlxalq hüququ tapdalayaraq, Azərbaycan haqqında sifarişli məqalə dərc edib.
Azvision.az xəbər verir ki, ümumiyyətlə bu korporasiyanın rus redaksiyanın ermənipərəst mövqeyi heç kəsə sirr deyil. Amma budəfəki sifarişli yazı indiyədək media orqanının dərc etdiyi bütün yalan, şişirdilmiş, qərəzli yazılarını və vireomateriallarını kölgədə qoyub.

Azərbaycanın mina xəritəsinin müqabilində humanistlik göstərərək, Ermənistana təhvil verdiyi hərbi cinayətkarların sözləri əsasında hazırlanmış sifarişli məqalənin müəllifi kanalın Ermənistan müxbiri Olqa Prosvirovadır. Məqaləni diqqətlə oxuduqda isə məlum olur ki, bu ifadələrin hamısı eyni şəxs tərəfindən tərtib olunmuş mətndir və sadəcə, Azərbaycanın azad etdiyi əsirlərə əzbərlədiblər.

Məqalənin əvvəlindən sonunadək diversantları “yazıq”, “məzlum”, “dinc” və “işgəncəyə məruz qalan” şəxslər kimi qələmə verən kanal onların dilindən oxuculara müxtəlif əsfanələr təqdim edir. Ələ keçirildikləri ərazilərin Azərbaycan torpaqları olduğunu qeyd etməyi nədənsə unudan jurnalist Zəngilan, Qubadlı, Füzuli kimi rayonlarda bu diversantların “dinc şəkildə”, oturduqları yerdə Azərbaycan ordusu tərəfindən əsir götürüldüyünü yazır.

Axı bu şəxslərin, hərbi geyimdə, əllərində silah, bütün dünyanın Azərbaycan ərazisi kimi tanığı torpaqlarda nə işi var idi? Məgər jurnalist etikası sizdən diversantlara bu haqda sual verməyi tələb etmirmi? Axı onlar hüquqi cəhətdən Ermənistana heç bir aidiyyatı olmayan ərazilərdə nə itirmişdilər? Yalnız boş sözlər, uydurulmuş əsfasənələrlə Azərbaycana qara yaxmağın arxasında nə dura bilər?

“BBC”nin, “Azadlıq” radiosunun və açıq anti-azərbaycan mövqeləri ilə seçilən digər beynəlxalq media qurumlarının hər yazdığını “son həqiqət” kimi qəbul edənlərə bu, ən gözəl cavabdır. Gəlin, ermənilər və digər düşmənlərimizi kənara qoyaq. Maraqlıdır, görəsən, “BBC”nin ölkəmiz və onun hökuməti haqqında yazdığı hər sifarişli yazını əlində bayraq edən daxilimizdəki bəzi ünsürlər ingilis mediaholdinqinin bu son məqaləsi ilə razıdırlar? Suallar çoxdur, cavab isə yox...

Məqalə bütün erməni KİV-lərində təkrar dərc edilib və sosial şəbəkələrdə daha çox istifadəçinin görə bilməsi üçün ermənilər tərəfindən reklama qoyulub. Dünən gecə isə “BBC” “tarazılığı” saxlamaq üçün mövzuya uyğun qısa və gülməli bir material da yayımlayıb. Material “Террористы или военнопленные? Армянские военные в азербайджанском плену" (Terrorçular, yoxsa, hərbi əsirlər? Erməni hərbçiləri Azərbaycan əsirliyində) sərlövhəli qısa informasiyadan ibarətdir. Mətn Azərbaycan Xarici İşlər Nazirlyinin məsələ ilə bağlı rəsmi bəyanatından bir neçə cümlə və İkinci Qarabağ müharibəsinin başlaması vaxtı haqqında xatırlatma var. Vəssalam... Bununla “BBC” haqqında ağ yalan yazaraq tirajladığı ölkənin mövqeyini lentin görünməyən yerində dərc etməklə guya jurnalist etikasına əməl olunmasını "təmin etdi". Özünü "media standartı" elan etməklə deyil, cənablar. Azərbaycanda media standartının da, "ikili standartı"n da nə olduğunu çox yaxşı fərqləndirə bilirlər.

Şahin Ömər
Azvision.az

Teqlər: BBC   Qarabağ   Əsir  






Xəbər lenti