Aİ Bakı Limanına investisiya yatırmağa hazırdır

 Aİ Bakı Limanına investisiya yatırmağa hazırdır
  08 İyul 2021    Oxunub:1179
Bu gün ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb. Limanın Baş direktoru Taleh Ziyadov Avropa İttifaqının komissarına məlumat verib ki, Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat dəhlizi olan “Orta Dəhliz”in inkişafında və təşviqində fəal rol oynayır. Taleh Ziyadov vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir, 2016-c ildən bu günə kimi 5 TAIEX və 2 uzunmüddətli texniki yardım layihələri icra olunub.

"Nəticədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, Limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi keçirilib. Baş direktor xüsusilə Yaşıl Liman və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyünü qeyd edərək, bu tədbirlərin gələcəkdə daha geniş formatda davam edəcəyinə inandığını bildirib. Avropalı komissarın diqqətinə çatdırılıb ki, layihənin icrası zamanı liman əməkdaşlarının Rotterdam, Hamburq, Antverp, Barselona, Valensia, Venlo və digər qabaqcıl limanlarında təlimlərdən keçməsi insan inkişafına qoyulan ciddi investisiyadır. Layihə çərçivəsində Aİ-nın Xəzər regionunda ilk dəfə “EcoPorts” sertifikatının alınması və bir sıra ISO sertifikatların alınması da əsas nailiyyətlərdən hesab oluna bilər, - Limanın Baş direktoru bildirib.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib ki, Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Avropa İttifaqının diqqətindədir: "Təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır və rəqəmsallaşma, yaşıl liman istiqamətində də dəstəyini davam etdirəcəkdir. Bütün bu addımlar Bakı Limanının Xəzər hövzəsində etibarlı qovşağa çevirilməsini təmin edəcəkdir". Görüşün sonunda komissar Bakı Limanının quru yük terminalı ilə tanış olub.

Azvision.az



Teqlər:   Bakı-Limanı  





Xəbər lenti