Nə oldu, erməni mediası? - Şərh
Putin bölgədə geosiyasi tarazılığın pozulduğunu, yeni güclərin və reallığın ortaya çıxdığını yaxşı görürdü. Artıq “Ermənistan” layihəsi Rusiyaya heç bir xeyir və üstünlük qazandırmır, əksinə, getdikcə güclənən Azərbaycan və Türkiyə ilə Moskvanın arasında dərin bir uçuruma çevrilirdi. Rusiya ya bu uçurumun dərinləşərək, bütün Qafqazı "ölü zonaya" çevirməsinə göz yumacaqdı, ya da yeni yaranan iqtisadi və siyasi güc mərkəzləri ilə əməkdaşlıq edərək, kənar dövlətləri Cənubi Qafqazdan uzaq tutacaqdı.
Suriya və Liviyada Moskvanın Ankara ilə hərbi əməkdaşlığı hər iki ölkənin Yaxın Şərq və Şimali Afrika kimi strateji məkanlarda möhkəmlənməsinə yol açdı. Axı bu əməkdaşlıq niyə Cənubi Qafqazda və Orta Asiyada həyata keçirilməsin? Geosiyasi və strateji baxımdan hər iki bölgə dünyanın böyük dövlətlərinin diqqət mərkəzində yerləşdiyindən, burada öz maraqlarını təmin etmək istəyən tərəf mütləq kiminləsə əməkdaşlıq etməlidir.
Xəstə erməni məntiqincə, rus-türk müharibələri həmişə davam etməli, Rusiya Türkiyə və Azərbaycana məxsus torpaqları işğal edib, ermənilərə verməli idi. Amma 10 noyabr qələbəsi bütün bu məntiqi puça çıxardı. Artıq bölgədə elə bir reallıq yaranıb ki, Ermənistan bir dövlət kimi heç bir məsələdə iştirakçı belə ola bilmir.
Ermənilər Paşinyanın seçkilədə qazandığı qələbədən sonra etdiyi ilk xarici səfərdən çox şey gözləyirdilər. Öz sərhədlərini qorumaq iqtidarında olmayan ölkənin zəngin fantaziyalı siyasi şərhçiləri Zəngəzur və Göyçə istiqamətində,Azərbaycanla dövlət sərhədinə Rusiya əsgərlərinin yerləşdiriləcəyi haqda irəli sürdükləri ehtimal Paşinyanın səfərinin ilk günü iflasa uğradı. Kremlin sözçüsü Peskov bu haqda heç bir müzakirənin aparılmadığını açıq şəkildə bəyan etdi.
Erməni KİV-lərinin növbəti ehtimalı isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyannamənin müddəalarına guya dəyişiklik ediləcəyi idi. Peskov bu məsələyə də aydınlıq gətirərək, bildirdi ki, keçən il imzalanan Bəyannamənin heç bir müddəasına dəyişiklik edilməyəcək, əksinə, bütün müddəalar icra ediləcək və öhdəliklərin yerinə yetirilməsi Kreml üçün prioritet məsələdir.
Yəni Bəyannamədə nəzərdə tutulmuş bütün məsələlər: Azərbaycanın Qazax rayonu və Naxçıvandakı işğal olunmuş əraziləri, kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə düşməsi həllini tapacaq.
Göründüyü kimi, ermənilər üçün gözləmədikləri bir reallıq ortaya çıxıb. Onlar ya bu reallıqla barışmalıdırlar, ya da keçmiş qondarma qurumun nümayəndəsi David Babayanın "Qarabağ tam Azərbaycanın nəzarətinə keçərsə, ermənilər o bölgəni tərk edəcəklər" sözlərini tutub, torpaqlarımızı birdəfəlik tərk etməlidirlər.
Şahin Ömər
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


