Haiti Prezidentinin qətlinə görə 17 nəfər saxlanılıb

Haiti Prezidentinin qətlinə görə 17 nəfər saxlanılıb
  09 İyul 2021    Oxunub:1227
Haiti Prezidenti Jovenel Moizin qətlində şübhəli bilinən 11 nəfər bu ölkədəki Tayvan səfirliyi ərazisində həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Cümə axşamı Haiti polisi şübhəliləri axtarmaq üçün səfirliyin ərazisinə daxil olmaq istədiyi barədə diplomatlara bildiriş göndərib.

"Haiti Respublikasının uzun illər sadiq dostu və etibarlı tərəfdaşı olmuş Tayvan səfirliyi polisin şübhəliləri axtarmaq üçün əməliyyat keçirməsinə dərhal icazə verib", - məlumatda bildirilib.

Son məlumatlara görə, saxlanılan şübhəlilər arasında Haiti əsilli iki amerikalı - Ceyms Solaj və Jozef Vensan da var. Onlar dindirilmə zamanı muzdluların dövlət başçısını fiziki məhv etmək tapşırığı almadıqlarını deyiblər.

"Onlar tərcüməçi olduqlarını söylədilər. Muzdluların məqsədi Prezident Moizi öldürmək yox, hakimin orderi ilə həbs etmək olub", - hakim Kleman Noel amerikalıların ifadələrinə istinad edərək söyləyib.

Saxlanılanların hansı orderdən bəhs etməsi isə açıqlanmır. Solaj "bu işi internetdə tapdığını" bildirib. Qeyd edib ki, onlar Haitiyə bir ay, muzdlular isə üç ay əvvəl gəlib.

Hakim, eyni zamanda qatillərn olduğu iddia edilən avtomobillərdə aparılan axtarışların nəticələrindən də danışıb. Onun sözlərinə görə, avtomobillərdən odlu silah və dollardan əlavə, Moizin evində quraşdırılmış video müşahidə kamerasının serverini də tapıblar.

Kolumbiyanın bundan əvvəl müdafiə naziri bildirib ki, prezidenti istefada olan hərbçilərin öldürməsindən şübhələnirlər.

Haiti hüquq-mühafizə orqanlarının əməkdaşları 26-sı Kolumbiya vətəndaşı olmaqla cinayətdə şübhəli bilinən 28 nəfərin şəxsiyyətini müəyyən etdiklərini açıqlayıblar.
Ümumilikdə 17 şübhəli saxlanılıb, 7 nəfər isə polisin əməliyyatı zamanı öldürülüb.


Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizi iyulun 7-də yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib. Həyat yoldaşı Martin Moizin vəziyyəti ağırdır. Ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Klod Jozefin sözlərinə görə, hücumu icra edənlərdən bəziləri ingilis və ispan dillərində danışırmış.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   Prezident   Qətl  





Xəbər lenti