Kolumbiya kofesi dünyada üçüncüdür - Braziliya və Vyetnamdan sonra

Kolumbiya kofesi dünyada üçüncüdür -  Braziliya və Vyetnamdan sonra
  09 İyul 2021    Oxunub:2174
Bakıda Kolumbiya kofesinin dequstasiyası keçirilib. Kolumbiyanın Azərbaycandakı səfirliyinin “Urban Coffee” və “ABA Factory” ilə birgə təşkil etdiyi tədbirdə ölkənin qəhvə mədəniyyəti ilə yanaşı ticarət, investisiya və turizm imkanları barədə də məlumat verilib.
Azvision.az xəbər verir ki, tədbiri açan səfir Luis Antonio Dimate Kardenas bir neçə həftə əvvəl Bakının küçələrində gəzişən zaman qədim arxitekturalı bir binanın altında yerləşən kofe məkanının diqqətini çəkdiyini deyib. Həmin məkana gedən diplomat oranın sahibi Anar Məmmədovla qərara gəliblər ki, Kolumbiya kofesinin təqdimatına dair birgə tədbir keçirsinlər.

Diplomat söyləyib ki, Kolumbiya kofenin yetişdiyi xüsusi bir diyardır: "XX əsrdə uzun illər boyu bu məhsul iqtisadiyyatımızın təməlini, mədəniyyətimizin özəyini təşkil edib, əməkdaşlıq və həmrəylik nümunəsinə çevrilib. Biz kolumbiyalılar dünyanın ən narın qəhvəsini istehsal etməkdən qürur duyuruq. “Arabica”nın ən dadlı növü bizdə yetişir. Bu növ yüksək keyfiyyətli yumşaq tamı, turşməzə, sitrus və şokolad çalarlarını özündə ehtiva edir. Hazırda Kolumbiya qəhvə istehsalına görə, dünyada Brazilya və Vyetnamdan sonra 3-cü yeri tutur. 2020-ci ildə 2,5 milyard dollarlıq qəhvə ixrac edib”.


Səfir əlavə edib ki, 2007-ci ildə Kolumbiya kofesi qorunan məhsul statusu alıb. 2011-ci ildə isə UNESCO Kolumbiyanın ən çox kofe yetişdirdiyi Kofeçilər Bölgəsini Ümumdünya Mədəni İrsi siyahısına daxil edib.


Səfir ölkəsinin iqtisadi imkanlarına da diqqət çəkib. Bildirib ki, Kolumbiya öz tarixi boyu heç vaxt hiperinflyasiya və xarici borclarının ödənməsində əziyyət çəkən ölkə olmayıb. 2019-cu ildə Kolumbiyanın Ümümdaxili Məhsula görə dünyada 38-ci, ümumi ixrac gücünə görə 54-cü, ümumi idxal həcminə görə isə 51-ci yeri tutduğunu xatırladan səfirin sözlərinə görə, Kolumbiya Latın Amerıkasında Brazilya, Meksika və Argentinadan sonra ən böyük iqtisadiyyata malik dördüncü ölkədir.

O qeyd edib ki, ölkəsində xarici investisiya üçün əlverişli mühit mövcuddur. Belə ki, son 1 0 il ərzində 45 milyard dollar cəlb edə bilib. “Kolumbiya təbiət rəngarəngliyinə, zəngin mədəniyyətə, etnik müxtəlifliyə malik, turizm imkanları geniş və cəlbedici olan ölkədir. Son 10 ildə turizmin sürətli inkişafı 2019-cu ildə ölkəyə 4,5 milyon turistin səfər etməsi ilə nəticələnib.

Daha sonra Kolumbiya kofesi, ölkənin təbiəti, maraqlı yerləri haqqında videoçarx nümayiş olunub. Ardınca Kolumbiya kofesinin dequstasiyası olub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Kolumbiya   Kofe  



Xəbər lenti