Türk PUA-ları Ukrayna mediasında: “Akıncı”dan yeni rekord-VİDEO

  Türk PUA-ları Ukrayna mediasında:    “Akıncı”dan yeni rekord-VİDEO
  09 İyul 2021    Oxunub:2277
Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən Pilotsuz Uçuş Aparatları (PUA) hər il daha da təkmilləşdirilir.
Azvision.az xəbər verir ki, Ukrayna mətbuatı Türkiyəyə ixrac etdikləri mühərriklərlə təchiz olunmuş "Akınçı" adlı PUA-ların yeni rekorda imza atmasından yazıb. Qeyd edilir ki, sözügedən PUA indiyə qədər əldə etdiyi ən yüksək göstəricilərdən birini yeniləyib. Belə ki, “Akıncı” daha çox hündürlükdən uçmağı bacarıb.
“Türk PUA-sı 38.039 fut (11.594 metr-red.) yüksəkliyə qalxıb. İlk dəfə Türkiyənin yerli istehsalı olan bir PUA belə bir yüksəkliyi fəth edə bilib”, -məqalədə yazılıb.

Bu uçuş zamanı "Akıncı" 25 saat 46 dəqiqə havada qalaraq 7507 km məsafəni qət edib.
Qeyd edək ki, "Akinci" ilk uçuşunu 6 dekabr 2019-cu ildə edib. Bu günə qədər 870 sınaq və təlim uçuşlarında 347 saat 28 dəqiqə uçub.

Maraq üçün bildirək ki, bu PUA-lar havada azı 24 saat fasiləsiz qala bilir. “Akıncı” 10 min metrdən çox yüksəklikdə uçaraq bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirir.“Akıncı” dronları “TÜBİTAK SAGE” və “ROKETSAN” şirkətləri tərəfindən istehsal edilən “MAM-L”, “MAM-C”, “Cirit”, “L-UMTAS”, “Bozok”, “MK-81”, “MK-82”, “MK-83”, “Kiti-MK-82” döyüş sursatları, “SOM” qanadlı raketi, “Gökdoğan” və “Bozdoğan”, kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edir, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir. Bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur.



Ukrayna 2030-cu ilədək “Akıncı” üçün Türkiyəyə mühərrik ixrac edəcək

"Akıncı" Elektron Dəstək modulundan, “AESA” radarından, “SAR” kəşfiyyat sistemindən, “REM” kompleksindən, “EO/İR” infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Sadalanan bütün sistem və vasitələr isə Türkiyə istehsalıdır. "Akıncı"da istifadə edilən “AESA” və müşahidə bloku “ASELPOD” “ASELSAN” tərəfindən istehsal edilməsi nəzərdə tutulur. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.

“Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. “Akıncı” daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. PUA-nın qanadının uzunluğu 20 m-dir və Ukrayna istehsalı iki AI-450 turbopərli mühərriki ilə təchiz edilib. 2021-ci ildən 2030-cu ilədək Ukraynanın “İvchenko-Proqres” şirkəti tərəfindən istehsal edilən AI-450 turbopərli mühərrikləri “Akıncı” operativ-strateji PUA-larına quraşdırılmaq üçün Türkiyəyə ixrac ediləcək.



Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrilib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   PUA   Akıncı   Türkiyə   Ukrayna   Rekord  



Xəbər lenti