"Qarabağ bizimdir" dediyim üçün gözümü çıxartdılar" - Hərbi əsir (VİDEO)

"Qarabağ bizimdir" dediyim üçün gözümü çıxartdılar" -  Hərbi əsir (VİDEO)
  10 İyul 2021    Oxunub:17143
Ermənilər hərbi əsir Cavid Hüseynə Şuşa həbsxanasında ağır işgəncələr veriblər. O, 1992-ci ildə Vətənin müdafiəsinə könüllü yollanmış igidlərdəndir. Həqiqi hərbi xidmət yaşı çatanda Cavid artıq düşmənə qan udduran tankçı idi.
O, bir neçə rayonda döyüşlərdə fəal iştirak edib. Füzuli, Xocavənd, Qubadlı, Zəngilan və Cəbrayılda döyüşən Cavid son dəfə Ağdamda vuruşub. 1994-cü il yanvar ayının 5-də Ağdam uğrunda gedən döyüşlərdə idarə etdiyi tankı düşmənin vurması nəticəsində əsirlik həyatı başlayıb. Cavid Hüseyn Azvision.az müsahibəsində əsirlik günlərində yaşadığı cəhənnəmdən danışıb. O deyir ki, əsirlik günləri Xocalı qatillərinin yanında başlayıb:

- Əsir düşən kimi məni 366-cı motoatıcı alaya apardılar. Bu, Xocalıda dinc sakinləri qətlə yetirən, soyqırımı törədən alaydır. Orada Azərbaycanın bütün bölgələrindən mülki əsirlər var idi. Qadınları, uşaqları Xankəndindəki xəstəxana ərazisində saxlayırdılar. 366-cı alaydakı ilk günümdən mənə işgəncə verməyə başladılar. Əsirlik müddətində elə bir gün olmadı ki, mənə işgəncə verməsinlər. Gecə durğuzub döyür, olmazın işgəncələr verirdilər. Erməni terror təşkilatı ASALA-nın qaniçən üzvləri də orada idi.

Cavid Hüseyn bildirir ki, əsirlikdə ona ən pis təsir edən şey ermənilərin işğal etdikləri torpaqlarımızın talan edilməsində əsirlərdən istifadə etmələri olub. Etiraz etdikdə onları vəhşicəsinə döyürmüşlər:

- Ağdam və Füzuli bölgələrini talan etmək üçün bizi aparırdılar. Bu çox dəhşətli idi. Öz evlərimizi özümzə sökdürürdülər. Doğrudan da, ən dəhşətlisi bu idi. O evlərin hamısı mənim evim idi. Bütün tarixi abidələri sökdürərək, daşıtdılar. Hətta qəbir daşlarını da sökdürüb, aparırdılar. Bu, insanlığa sığmayan hərəkətdir. Zavod və fabriklərdən pambığın daşınmasında tutmuş, neft bazalarından neftin daşınmasına kimi hər şeyi bizə etdirirdilər. Çox çətin idi. Öz evində, öz vətənində olasan və əsarət altında, əli-qolu bağlı olasan, bu da yetməzmiş kimi, öz evini də sənə sökdürsünlər.


Bir neçə dəfə ölümlə qarşılaşdığını bildirən müsahibimiz qondarma “soyqırımi” günlərində dəfələrlə başını kəsmək istədiklərini, amma hər dəfə təsadüfən alınmadığını bildirir:

- Bir gün məni avtoparka apararaq, qoluma "kislota" töküb, yandırdılar. Qolumu və çənəmi dəfələrlə sındırıblar. Ayağımı və qabırğalarımı qırıblar. Bir dəfə də Ağdamda kubik daşları boşaldanda erməni Kamazın üstündəki əsir yoldaşımız Pənaha silah gücünə "kubik"i mənim başına atmasını əmr etdi. Pənah bunu etmədikdə onu vuraraq məcbur etdi. Pənah kubiki istəmədən kənara atarkən daş belimə düşdü. Ayılanda artıq kamerada idim. Pənahın heç bir günahı yox idi. Bizi hər fürsətdə alçaldırdılar. Hətta bir dəfə məktəbdən ekskursiya təşkil edib, uşaqları gətimişdilər. Bizi diz üstə çökdürüb, baxın, bunlar türkdür, bunlar düşməndir deyirdilər. Uşaqlara deyirdilər ki, yaxın getmiyin, dişləyərlər, öldürərlər sizi.

Əsirlikdə gözünü itirən Cavid Hüseyn həmin dəhşətli anı heç cür unuda bilmədiyini deyir:

- 1995-ci il martın 21-də gecə saatlarında Şuşa türməsində bizi sıraya düzdülər. Hazırda Bakıda məhkəməsi keçirilən Alyoşa, Loxa, Ludvik adlı terroristlərin də iştirakı ilə məni kameranın barmaqlığına bağladılar . Zopa ilə döydükdən sonra türmənin rəis müavini Qarik məndən soruşdu ki Qarabağ sizindir, ya bizim? Dedim ki, Qarabağ bizimdir! Bundan əsəbləşib gözümdən elə vurdu ki, bir də kamerada ayıldım. Əlimi gözümə aparmaq istəyəndə üzümə çatmamış gözümə toxundu. Gözüm yerindən çıxmışdı və artıq görmürdü. Türmənin rəisi məni otağına çağırıb dedi ki, Qırmızı Xac cəmiyyətinə yıxıldığını və gözünə kol batdığını deyərsən. Cibindən bıçağını çıxartdı və gözümün qarasını kəsib atdı. Məni Qırmızı Xac Cəmiyyətindən 10 gün gizlətdilər. Amma əsir uşaqlar Qırmızı Xaca xəbər vermişdilər. 10 gün sonra məni tapdılar. Min bir çətinliklə apardılar Xankəndinə. 1995-ci il mayın 8-də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının vasitəçiliyi ilə əsirlikdən azad olundum.

Unuda bilmədiyim ən dəhşətli xatirə isə Xankəndindəki komendaturada qaldığımız günlərlə bağlıdır. Bir gün bizi yenə sıraya düzdülər. Bir kisə gətirdilər və dedilər ki, sizə pay gətirmişik. Mənə dedilər, get aç kisəni. Yaxınlaşanda gördüm kisə qanlıdır. Əlimi içinə salanda tükə dəydi. Dərhal anladım ki, bu, insan başıdır. Kisədən başı və əlləri çıxartdım. Allah rəhmət eləsin, Zaqatalanın Tala kəndindən olan Fərmanın başını kəsmişdilər.

Bəxtiyar Məmmədov
Əhməd Xəlilov

Azvision.az


Teqlər: Qarabağ   hərbiəsir   işgəncə  





Xəbər lenti