Ermənistan XİN-də növbəti "təmizləmə": 26 səfir geri çağırılır

   Ermənistan XİN-də növbəti "təmizləmə":   26 səfir geri çağırılır
  10 İyul 2021    Oxunub:1090
Ermənistanda müharibə sonrası yaranmış dərin böhran daha da genişlənib. Ölkədə siyasi sistem xaosa bürünüb, iqtisadiyyat çöküb, əsas gəlir sahələrindən sayılan turizm sektoru isə iflasa uğrayıb. İş o yerə çatıb ki, parlament seçkilərində qalib gələn Nikol Paşinyanın komandası hökuməti belə normal şəkildə formalaşdıra bilmir.
Azvision.az xəbər verir ki, "Fakt" qəzeti ölkədə yaranmış xaotik durumu analiz edərək ən çox zərbə alan sahələrdən biri kimi diplomatiyanı göstərib:

“Mövcud hökumətin problemli sahələrindən biri həmişə xarici siyasət olub və indi isə Xarici İşlər Nazirliyindən tamamilə imtina edilib... Biz dəfələrlə Nikol Paşinyanın heç kimə etibar etmədiyini və XİN-nin xarici əlaqələrlə bağlı bir sıra vacib məsələlərdən praktiki olaraq xəbəri olmadığını yazırdıq.

Sonda diplomatik korpuslardakı səlahiyyətlilər hakimiyyətin davranışlarına münasibətini ortaya qoydu və indi XİN-də dərin etimadsızlıq, qeyri-müəyyənlik hökm sürür".

Nəşr daha sonra iddia edib ki, yaxın vaxtlarda Ermənistanın diplomatik korpuslarında çox ciddi, demək olar ki, köklü dəyişikliklər gözlənilir.

"Söhbət yalnız nazir və nazir müavinlərinin təyin edilməsindən getmir. Bu təbii haldır ki, boş qalan hımin vəzifələrə təyinatlar olacaq. Əldə etdiyimiz məlumatlara görə, müxtəlif qabaqcıl ölkələrdə akkreditə olunmuş 25-ə yaxın səfir geri çağırılacaq və onların yerinə hökumətə "xoş gələn" kadrlar təyin ediləcək.
Ancaq burada ciddi problemlər var. Fakt budur ki, bu sahədə bir çox peşəkar və bacarıqlı kadrlarımız var. Amma bir sıra əsas məmurların istefasına səbəb olan Nikol Paşinyanın diktə etdiyi şərtlər altında işləməyə razı olanları tapmaq çox çətindir",-"Fakt" yazıb.

Xatırladaq ki, bir müddət öncə keçmiş xarici işlər naziri Ara Ayvazyanla hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan arasında ciddi narazılıq yaranmışdı. Ölkə başçısının siyasətinə etiraz edən XİN rəhbəri sonda istefa verməli oldu. Bundan bir müddət sonra isə bütün müavinlər istefa ərizəsi yazdılar. Hazırda Ermənistan mediası ölkə tarixində diplomatiyanın indiki qədər başsız və rəzil duruma düşmədiyini yazırlar.

Xatırladaq ki, "Fakt" XİN başçısının istefa verəcəyi barədə xəbəri yayan ilk media orqanlarından biri olmuşdu.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   XİN   Diplomatiya   Paşinyan  





Xəbər lenti