Fransa dronlar əleyhinə lazer sistemini sınaqdan keçirdi

Fransa dronlar əleyhinə lazer sistemini sınaqdan keçirdi
  12 İyul 2021    Oxunub:3249
Fransa Müdafiə nazirliyi HELMA-P havadan müdafiə lazer sisteminin uğurlu sınaqlarını həyata keçirib. Onun əsas təyinatı PUA-lara qarşı mübarizədir. Qurğu - radarı olan və dronu 3 km. məsafədən aşkar edən kompakt sistemdir. Asanlıqla quraşdırılır və istənilən yerüstü nəqliyyat vasitəsilə daşına bilir. 2 kVt lazer gücünə malik tuşlama sistemləri qurğularına aiddir.
Tuşlama sistemi uçan aparatı aşkar etdikdən sonra onun trayektoriyasını hesablayır və lazeri ona yönəldir. Bu sistem dronu sadəcə yandıra da bilər, PUA-nın optikasını sıradan çıxararaq, “kor edə” də. Azvision.az xəbər verir ki, HELMA-P çoxhədəfli sistemi üçün yüksək enerjili lazerin yaradıcısı Compagnie Industrielle des Lasers şirkətidir. Bu sistemin yaradılmasının səbəbi kəşfiyyat, hətta hücum dronlarından müdafiədir. Dronlar bahalı deyil və çoxdur, odur ki, onlarla mübarizənin universal metodunu yaratmaq lazım idi.
PUA-ların dövrü bitir? İsrail “qatil lazer”in gücünü göstərdi

Sınaqlar necə keçib?

Lazer sisteminin sınaqları iyunun əvvəlində Biskarross kommunası yaxınlığındakı Landı departamentinin poliqonunda keçirilib. Hədəfi məhv etmək üçün lazerə 10 saniyədən az vaxt lazım gəlib.
Fransa Müdafiə nazirliyinin təqdim etdiyi videoda gözəl və təntənəli musiqi sədaları altında dronlar havaya buraxılıb. Sonra kadrda öz taleyindən narahat olmayan PUA-ları izləyən qurğu peyda olub. Dronlardan biri zərbədən sonra parça-parça olub. İkincisi havada yırğalanaraq yanıb və yerə çırpılıb. Daha bir dron gözəgörünməz zədələr alaraq düşməyə başlayıb.

Sonra nə olacaq?

Uğurlu sınaqlardan sonra qurğunun təkmilləşdirilməsi və 2024-cü ilə planlaşdırılan silahlar arsenalına salınması üçün hazırlanması prosesi gedəcək.
İxtiraçılar hesab edir ki, gələcəkdə bu sistem elə bir səviyyəyə yüksələ bilər ki, hətta raketlər, artilleriya və minaatanlarla da mübarizə aparar. Bundan başqa, sistem konvoyların və taktiki bölmələrin madafiəsində də iştirak edə bilər.
Fransanın sınaqdan keçirdiyi PUA-lardan müdafiə sistemi Avropada yeganədir. Məlum olduğu kimi, Fransadan başqa analoji qabaqcıl texnologiyalar üzərində yalnız ABŞ və İsrail işləyir. Rəsmi şəxslərin sözlərinə görə, bu silahın əsas üstünlüklərindən biri aşkar etdiyi PUA-ların tipini dəqiq müəyyənləşdirən, onun aktiv təhlükə potensialını analiz edən intellektual əlavələrdir.

Nadir Quliyev
Azvision.az

Həmçinin oxuyun:
PUA-ların dövrü bitir? İsrail “qatil lazer”in gücünü göstərdi




Teqlər:   PUA   Dron  





Xəbər lenti