Oxçuçayı çirkləndirən kombinatın məhsullarının satışına qadağa qoyuldu

   Oxçuçayı çirkləndirən kombinatın məhsullarının satışına qadağa qoyuldu
  14 İyul 2021    Oxunub:1318
Ermənistanın Zəngəzur Mis-Molibden Kombinatının ixrac üçün nəzərdə tutulmuş 140 ton ferromolibden məhsulunun ixracına qadağa qoyulub və yük vaqonlardan boşaldılıb.
Azvision.az xəbər verir ki, ölkənin dövlət gəlirlər komitəsi adı çəkilən kombinatın məhsullarının satışını dayandırıb. Komitədən məsələyə aydınlıq gətirilməyib. Bildirilir ki, mis konsentratı və ferromolibdenin ixracatına qeyri-müəyyən müddətə qadağa qoyulub.

Kombinat rəhbərliyi də problemin kökünün nədə olduğunu bilmir. Amma fakt faktlığında qalır ki, Zəngəzur mis-molibden kombinatı regionun təbiətinə, bölgədən axan çaylara böyük zərbə vurur və bundan Azərbaycanla yanaşı İran, Türkiyə kimi qonşu ölkələr də zərər görürlər.

Ermənilərin ekoloji terroru yalnız Azərbaycana deyil, o cümlədən Gürcüstana, İrana, Türkiyəyə, zəhərlənmiş Araz çayının Xəzərə töküldüyünü nəzərə alsaq, bütün Xəzəryanı ölkələrin ekologiyasını ciddi təhlükə altında qoyur.

Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq
Xatırladırıq ki, bölgəni zəhərləmənin bahasına Zəngəzur Mis-Molibden Kombinatının istehsal etdiyi əlvan metalların satışı Ermənistan ixracatının 20%-ni təşkil edib. Ehtimal olunur ki, bu məhsulların əsas hissəsinin satıldığı İran ekoloji terror faktına görə Zəngəzur misinin idxalını dayandırıb. Amma bu informasiya hələlik öz rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Zəngəzurdan mənbəyini götürən bir neçə çayın suyu Araza tökülür və adı çəkilən çay Azərbaycanın və İranın böyük hissəsini içməli və suvarma suyu ilə təmin edir. Çayın ermənilər tərəfindən müxtəlif növ kimyəvi birləşmələrlə çirkləndirilməsi isə ən böyük zərbəni şimal bölgələrini Arazın suyu ilə təmin edən İrana vurur.

Şahin Ömər
Azvision.az


Teqlər:   Oxçuçay   Zəngəzur  





Xəbər lenti