Prezident nekroloq imzaladı

Prezident nekroloq imzaladı
  14 Mart 2014    Oxunub:1417
AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Asəf Abbasqulu oğlu Nadirov vəfat edib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib.

Respublikanın görkəmli iqtisadçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Asəf Abbasqulu oğlu Nadirov 2014-cü il mart ayının 14-də vəfat edib.

Asəf Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində iqtisadi coğrafiya ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlayan Asəf Nadirov 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına daxil olub və 1956-cı ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını bitirib. 1956-cı ildən etibarən həyatının yarım əsrdən artıq bir dövrünü o, Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, burada Coğrafiya İnstitutunun iqtisadiyyat bölməsində 1956–1958-ci illərdə kiçik elmi işçi və baş elmi işçi, İqtisadiyyat İnstitutunda 1958–1964-cü illərdə şöbə müdiri və 1964–1981-ci illərdə elmi işlər üzrə direktor müavini işləyib. 1981-ci ildən akademiya sistemində rəhbər vəzifələr tutmuş Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi, 1997–2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının müşaviri kimi məsul vəzifələr icra etmiş, 2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü olmuş və 2007-ci ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri təyin edilərək ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

Asəf Nadirov 1956-cı ildə Moskvada namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını alıb. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Akademik Asəf Nadirov Azərbaycan iqtisad elminin görkəmli nümayəndələrindəndir. Respublika iqtisadiyyatının ən mürəkkəb və aktual problemləri üzərində o, bütün ömrü boyu səmərəli və intensiv araşdırmalar aparıb. Azərbaycanda regional iqtisadiyyatın tədqiqi və elmi istiqamət kimi əsaslarının müəyyən edilməsi Asəf Nadirovun adı ilə bağlıdır. İqtisadiyyatın kompleks inkişafını əsaslandıraraq onun mövcud imkanlarını düzgün qiymətləndirən alim respublikada sənayenin inkişafı və quruluşunun təkmilləşdirilməsi, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, ərazi planlaşdırması və iqtisadi rayonlaşdırma məsələlərinin nəzəri-metodoloji həllini daim diqqət mərkəzində saxlayıb. Azərbaycanın iqtisadi rayonlarında ərazi-istehsal kompleksləri məhz onun tövsiyələrinə uyğun formalaşdırılıb.

Asəf Nadirov 600-ə yaxın araşdırmanın, o cümlədən 20-dən çox kitab, monoqrafiya, metodik material və dərsliyin müəllifidir. Alimin əsərləri müxtəlif xarici dillərə tərcümə edilərək nüfuzlu elm nəşriyyatlarında çap olunmuş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Mötəbər beynəlxalq simpozium və konfranslarda o, Azərbaycan iqtisad elmini layiqincə təmsil edib.

Səmərəli elmi yaradıcılıqla yanaşı, uzun illər ərzində pedaqoji fəaliyyətlə də ardıcıl məşğul olan Asəf Nadirov yüksək ixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəməyib. Alimin rəhbərliyi ilə 50-dən artıq elmlər namizədi və elmlər doktoru yetişdirilib.

Akademik Asəf Nadirovun ölkəmizdə iqtisad elminin inkişaf etdirilməsi sahəsində mühüm xidmətləri və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Görkəmli alim və tanınmış pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Asəf Nadirovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Akif Əlizadə
Fatma Abdullazadə
İsa Həbibbəyli
Tofiq Nağıyev
İsmayıl Hacıyev
Ziyad Səmədzadə
İsa Alıyev


Teqlər:





Xəbər lenti