Anar Kərimov Türkiyə nümayəndə heyəti ilə görüşüb

Anar Kərimov Türkiyə nümayəndə heyəti ilə görüşüb
  15 İyul 2021    Oxunub:2363
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 15-də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a bildirilib ki, görüşdə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, Kitabxanalar və Yayımlar baş idarəsində müdir müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir və digər rəsmilər iştirak ediblər.

Nazir qonaqları səmimi salamlayaraq Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkənin kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ali Odabaş görüşə görə təşəkkür edərək, bundan sonra da ölkəmizlə birgə layihələrin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Eyni zamanda görüşdə TEDA proqramı üzrə əməkdaşlıq, KOHA sisteminin öyrənilməsi, onun təcrübəsi əsasında yeni milli sistemin yaradılması və ölkəmizdə tətbiqi imkanları, Türkiyənin xalq kitabxanaları ilə Azərbaycanın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında təcrübə mübadiləsinin aparılması, həmçinin Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Türkiyənin aparıcı nəşriyyatlarının cəlb edilməsi məsələləri müzakirə edilib.

Azvision.az



Teqlər: AnarKərimov  





Xəbər lenti