Pulun iyi: Ermənistanın satılmasına Rusiya hansı həddə dözümlü yanaşacaq - Şərh
Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyir ki, əslində bu faktın özü Aİ-nin növbəti ikili standartlarını sübut etsə də, ortada maraqlı siyasi proseslər gedəcək. O Rusiyanın Paşinyanın yenidən Qərbin caynağına keçməsinə, maliyyə asılılığına düçar olmasına necə yanaşacağının da maraq doğurduğunu söyləyib:
“Əlbəttə ki, son proseslərdə ikili standartlar aşkar sezildi. Bunun hətta dəqiq konturlarını da gördük. Burada Aİ-nin Ermənistanın hazırkı ağır iqtisadi durumundan istifadə edib, müəyyən mənada bu ölkəni sanki “satın almasının” işartıları da var. Hər kəsə bəllidir ki, bu qədər maliyyə paketinin arxasında umacaqlar da yatır.
Ermənistan hələ Serj Sarkisyanın zamanında bu İttifaqla assosiativ sazişə imza atmışdı. Düzdür, təhlükəsizlik məsələləri tam mənada Aİ-nin ixtiyarına verilmədi. Çünki bu məsələyə Rusiya da qatıldı. Sarkisyan hətta həmin vaxtı təcili Moskvaya çağırılmışdı. Ermənistan rəhbərinin dərsi yerindəcə verilmişdi. Bu baxımdan, anlaşma yarımçıq sənəd sayılırdı. Azərbaycanla isə danışıqlar hələ də davam edir. Yəni Bakı indi də özünü nəyəsə ehtiyacı olan ölkə kimi göstərmir".
Azərbaycanın böyük iqtisadi imkanlara malik ölkə olduğunu deyən politoloq jest üçün bərabər şəkildə maliyyə yardımını ayrılmasını məqbul variant sayıb:
- Bizim iqtisadi imkanlarımız o demək deyil ki, sən mənə dəstək olmayasan. Müharibə də təbii fəlakət kimi ağır iqtisadi çətinliklər yaradır. İki ölkə bu fəlakətdən zərər çəkirsə, birinə az, digərinə çox yardım etmək anormallıqdır. Yaxud da aşkar şəkildə vandalizm aktı törədənə yardım edib, işğalın ağır nəticələrindən əziyyət çəkəni yola verməyə haqq qazandırmaq olmaz. Nə olsun ki, qarşı tərəf müharibədən sonra zəlil duruma düşüb. Əslində Aİ-də Ermənistana açıq tərəfkeşlik edən qüvvələr var və bunu gizlətmirlər də. Fransa İrəvanı az qala öz şəhəri sayır...
Tofiq Abbasov Ermənistana ayrılan maliyyə vəsaitində başqa məqsəd də görür: "Bu, həm də bir mesaj oldu ki, İrəvan artıq Azərbaycanla qarşıdurma siyasətindən uzaqlaşmalıdır. Yəni alacaqları maliyyə yenidən silahlanmaya yox, anti-böhran proqramlarına xərclənməlidir. Bəli, burada Paşinyan hökumətinə bir jest də edilib. Yəni baxın, sizə fərqli münasibət bəsləyib böyük maliyyə köməkliyi göstəririk. Amma Nikol yeni siyasi xətt tutmalıdır. Əgər Ermənistan Azərbaycanla, xüsusilə də Türkiyə ilə yeni münasibətlər qura bilməyəcəksə, o zaman həqiqətən də bu ölkənin müqəddəratı çox qaranlıq olacaq. Ona görə də, Aİ-də olan bəzi ölkələr boğulan erməniləri sudan çıxarmağa cəhdlər edirlərsə, İrəvan yolunu azmamalıdır. Təbii ki, rəsmi Bakı da belə incə nüansları yadından çıxarmır, bütün prosesləri diqqətlə izləyir. Necə istəyirlərsə, qoy elə də davransınlar. Qısası, Azərbaycan özünü artıq ötkəm dövlət kimi təsdiq edib, Ermənistan isə dilənçiliyini davam etdirir”.
Tofiq Abbasov deyir ki, Rusiya hazırkı maliyyə məsələsindən ciddi şəkildə qıcıqlanmayacaq. Çünki bu ölkədə ermənilərə himayədarlıq edən kifayət qədər böyük qüvvələr var. Onlar yüksək kürsülərdə əyləşiblər və İrəvanın cızığından çıxmasına imkan verməzlər. Əksinə, ola bilsin ki, Ermənistanı müəyyən mənada “satın almaq” istəyən Aİ-yə şərait yaratsınlar ki, çapalayan Paşinyana, dağılan büdcəyə dəstək göstərilsin: “Rusiya bu baxımdan qayğılarının azalacağına ümid edə bilər. Onsuz da Ermənistan həmişə etiraf edir ki, Kreml onun ağasıdır. İndi Paşinyanın qəfil qaçaraq Qərbdən mədət umması ciddi cəzalarla nəticələnməyəcək. Moskva məmnun, ya da məyus qaldığını büruzə verməz. Hər halda, nəfəsini dərəcək ki, qoy, İrəvan bir az özünə gəlsin, görək, sonrakı proseslər necə olacaq.
Bir sözlə, Paşinyanın Qərblə dərin əlaqələri və təmaslara başlaması Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına gətirib çıxarsa, ruslar cəza mexanizmlərini tətbiq edəcəklər. Hələlik isə müşahidəçi qalacaqlar. Çünki qarşıda Zəngəzur dəhlizi kimi nəhəng layihə var. Moskva, Ankara və Bakını qayğılandıran əsas problem budur. İrəvanın bu mövzuda nala-mıxa vurması isə işləri bir qədər gecikdirir. Görünür, Ermənistanda rifahın yüksəlməsi, regionun nəhəng nəqliyyat dəhlizinə çevrilməsi Qərbdə kimlərisə qane etmir ki, Paşinyanı dəhliz məsələsini uzatmağa məcbur edirlər. İrəvan hər nə qədər Qərbə doğru axsaq addımlarla irəliləsə də, Rusiya regiondakı prosesləri başına buraxmaz, forpostunu nə iqtisadi, nə də siyasi cəhətdən tam şəkildə Avropadan asılı olmasına imkan verməz. Əgər Ermənistan Avropa deyənlə oturub-durarsa, Kremlin İrəvana hərbi-iqtisadi dəstəyi dayandırıla bilər”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan Avropa-İttifaqı Ermənistan Rusiya Bakı