Sahibkar olmayan “fərdi sahibkarlar”: Ekspert “Qanunvericilikdə boşluq var” deyir

      Sahibkar olmayan “fərdi sahibkarlar”:    Ekspert   “Qanunvericilikdə boşluq var”  deyir
  18 İyul 2021    Oxunub:2502
Hazırda Azərbaycanda 1 milyon 100 mindən çox fərdi sahibkar var. Bu, o deməkdir ki, ölkə əhalisinin təxminən 10 faizi fərdi qaydada, yəni hüquqi şəxs yaratmadan, sahibkarlıqla məşğuldur. Son illərin rəsmi statistikasına baxanda, görürük ki, hər il fərdi sahibkarların sayı 100 min nəfər artır. Kifayət qədər ciddi rəqəmdir.
İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə deyir ki, bu məsələdə onu iqtisadçı kimi narahat edən bir sıra məqamlar var:

- Bu gün ölkəmizdə təxminən 155 min hüquqi şəxs qeydiyyatdan keçib. Fərdi sahibkarlarla hüquqi şəxslərin arasında bu qədər (9-10 dəfə) fərqin olması normal deyil. Ona görə də, ciddi düşünməliyik: Əgər insanımız sahibkarlıqla məşğul olmaq istəyirsə, niyə kiçik də olsa, şirkət yaratmır, hüquqi şəxsə çevrilmir, bunu fərdi qaydada etməyi üstün tutur?! Səbəb harada gizlənib? Etiraf edim ki, kifayət qədər dərin məsələdir və onun bir neçə tərəfi var. Amma əvvəlcə görünən statistik mənzərənin nə qədər doğru və real olduğunu aydınlaşdırmalıyıq.

İqtisadçı əvvəlcə “sahibkar” anlayışını dəqiqləşdirməyi vacib sayır: “Sahibkar – özündən başqa da, heç olmasa, azı bir nəfəri işlə təmin edən şəxsdir. Sahibkarlığın məğzi və mənası bundadır. Məsələn, Rusiyada 2.7 milyon fərdi sahibkar 6.8 milyon nəfəri işlə təmin edir. Bəs bizdə? Fərdi sahibkarlar nə qədər insanı işlə təmin edirlər? Sual ritorikdir. Çünki bizdə, təəssüf ki, “fərdi sahibkar” anlayışından böyük miqyasda sui-istifadənin mövcudluğunu görürük. Məsələn, taksi sürücüsü, müəllim, ofisiant, jurnalist... bunlar fərdi sahibkarlardırlarmı?! Bizdəki iqtisadi-hüquqi reallığa görə, bəli. Nə qədər məzəli səslənsə də...”

Ekspert belə bir misal çəkir: Məsələn, Məmməd istəyir ki, taksi sürməklə ailəsini dolandırsın. Üz tutduğu şirkətdə ona izah edirlər ki, bunun üçün “VÖİN açmalıdır”. Məmməd də gedib açdırır, avtomatik fərdi sahibkar kimi qeydiyyata düşür. Reallıqda isə bəlkə heç sürdüyü maşının da sahibi deyil. Tədris (xarici dil) və digər kurslar əməkdaşlığa cəlb etdikləri müəllimləri rəsmiləşdirib, onlara minimum əməkhaqqı, dövlətə isə vergi və sosial ödənişləri verməmək üçün hamısı ilə xidməti müqavilə imzalayırlar. Halbuki, əmək müqaviləsi imzalanılmalıdır. Restoranlardakı aşpazların, ofisiantların çoxu bu cür işləyir. Hamısının əmək müqaviləsi olmalıdır, amma xidməti müqaviləsi var (o da əgər varsa) . Yüzlərlə başqa misal da gətirmək olar.

- Bütün bu şəxslər “fərdi sahibkar”dırlarmı? – Ə.Məhərrəmzadə soruşur - Onlar sadəcə, işlərini görüb, maaş alırlar. Çox vaxt həmin maaş da minimum əməkhaqqından aşağı olur. Öz sahəsində maaş müqabilində xidmət göstərən şəxsə “fərdi sahibkar” demək isə heç cür doğru təsnifat sayıla bilməz. Obyektiv iqtisadi təsnifatda bu adamlar xidmət sferasının adi işçiləri kimi qeydə alınmalı idilər. Amma hüquqi şəxslər vergilərdən və sosial ödənişlərdən yayınmaq üçün xidmətçiləri “fərdi sahibkar” kimi qeydiyyatdan keçib, VOİN almağa məcbur edirlər. Nəticədə iqtisadi mənzərə ciddi şəkildə təhrif olunur, biz ölkədəki real vəziyyəti qiymətləndirə bilmirik.

Onun sözlərinə görə, düzdür, bu zaman qanun pozulmur, amma yalnız ona görə pozulmur ki, qanunvericilikdə boşluqlar var. Məsələyə dövlət səviyyəsində baxılsa, yaxşı olar: “ Öz sahəsində xidmət göstərib, maaş alan şəxslərlə “fərdi sahibkar” qismində müqavilə imzalamaq hüquqi şəxslərə qadağan edilməlidir. Əks halda, sui-istifadə halları getdikcə artacaq. Qoy, işçi saxlayanlar zəhmət çəkib, işlətdikləri adamlarla necə lazımdırsa, əmək müqaviləsi imzalasınlar, xidməti müqavilə yox; xidmətçiləri yalandan “fərdi sahibkar” kimi görünməyə məcbur edərək, dövlətə ödəməli olduqları vəsaiti ciblərində saxlamasınlar”.

Azvision.az


Teqlər: Sahibkarlıq   Qanun  





Xəbər lenti