Dəhliz işə düşüb: İlk yüklər Azərbaycandan keçməklə, Finlandiyadan Hindistana çatdırıldı

 Dəhliz işə düşüb:  İlk yüklər Azərbaycandan keçməklə, Finlandiyadan Hindistana çatdırıldı
  18 İyul 2021    Oxunub:2179
Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir və bu ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana bizim ərazilərimizdə layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.

- Bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq ,- Prezident deyib,- Bakı-Tbilisi-Qars dəmir yolunun, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib: “Bu yaxınlarda mənə məlumat verildi ki, artıq Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Çünki biz bütün yaxın qonşularımız və region ölkələri ilə ikitərəfli səviyyədə yaxşı təmaslar qurmuşuq. Bundan əlavə, Azərbaycandakı siyasi, iqtisadi sabitlik də bizə kömək edir”.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda biz hər şeyin dağıdıldığı işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasının fəal mərhələsindəyik. Orada üç beynəlxalq hava limanı inşa ediləcək. Birincisi - Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi - Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

“Biz, həmçinin Xəzər regionunda ən böyük dəniz donanmasına malikik. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Biz bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını etdik. Bu, bizim logistik və nəqliyyat şəbəkəmizin ən mühüm elementlərindən biridir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Azvision.az


Teqlər: Azərbaycan    





Xəbər lenti