Sovet ordusu Almaniyadan çıxarkən nələr olub?

 Sovet ordusu Almaniyadan çıxarkən nələr olub?
  19 İyul 2021    Oxunub:1493
Kəşfiyyatçı Vasili Samoylov 1990-cı ilin əvvəllərində və SSRİ dağıldıqdan sonra sovet qoşunları Almaniyadan çıxarılarkən quldurluq və fərarilik hallarından, Rusiyaya qayıdan hərbçilərin müntəzəm olaraq silahlı hücumlara məruz qalmasından danışıb.
Azvision.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşrinə müsahibə verən Vasili Samoylov məlumat verib. O, 1994-cü ildə SSRİ Qərb Qoşunları 20-ci qvardiyasının rəisi olub.

“Axı çoxları boş əllə qayıtmırdılar. Məsələn, mən peşəkar kəşfiyyatçı olaraq yeni video-kamera əldə etmişdim. Komandanımız təkərli çamadan almağı məsləhət gördü.
Maqdeburqdan Moskvaya şəxsi avtomobilimdə gəldim. Brestdəki dövlət sərhədi rayonunda 6 nəfər 2 avtomobildə mənə hücum etdi”, - Samoylov deyir və quldurlardan canını qurtara bildiyini söyləyir.
Onun sözlərinə görə, o zaman quldurluq halları televiziyada müntəzəm olaraq göstərilirmiş. Bəzi hücumlar hətta ölümlə nəticələnib.

“1994-cü ilin aprelində 20-ci ordunun qərargahında növbətçi idim və komandanımız Nikolay Liqaçova Almaniyadan SSRİ-yə şəxsi avtomobilində gedən 1 6 hərbçinin öldürülməsi haqda məruzə etmişdim. Bandit hücumlarının birində bütöv bir ailə - ata, ana və üç uşaq öldürülmüşdü” , - Samoylov deyir.

Ordu çıxarılarkən fərarilik halları da vardı, əsgər və bəzi zabitlər qaçırdılar. Samoylovun sözlərinə görə, Kolesnikov soyadlı alay komandiri, kəşfiyyatçı Ələkbərov və zenitçi Masyuta qaçmışdılar. Sonuncu iki nəfər leytenant idi. Onlar Rozenkruqda növbətçiyə hücum edərək, 15 tapança və 222 patron götürübmüşlər.

Samoylov fərarilərin axtarışında iştirak edib və oğurlanmış tapançaları Belisadakı hərbi hospitalın yanından tapıb. Podpolkovnikin dediyinə görə, Ələkbərov və Masyuta aradan çıxa biliblər.

“Onlar Kiyevdə bank soyublar. Biri saxlanılarkən öldürülüb, ikincini həbsxanaya salıblar və o da orada ölüb,” – o bildirib.
Samoylovun verdiyi məlumata görə, o zaman 200-ə qədər hərbçi fərarilik edib.

Xatırladaq ki, 1989-cu ilin payızında SSRİ Varşava Müqaviləsi Təşkilatı (VMT) ölkələrinin hərbi işlərinə qarışmaqdan imtina edib və ordusunu Avropadan çıxarmağa başlayıb. Bu əməliyyat illərlə davam edib. 1980-1990-cı illərdə Şərqi Almaniyadan ən böyük kontingent – yarım milyona yaxın insan çıxarılıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: SSRİ   Şərqi-Almaniya   Varşava-Müqaviləsi  





Xəbər lenti