Haitinin müvəqqəti Baş Naziri istefa verəcək

Haitinin müvəqqəti Baş Naziri istefa verəcək
  19 İyul 2021    Oxunub:815
Haiti Baş Naziri vəzifəsini icra edən Klod Jozef istefa etməyə hazırdır. O belə bir açıqlamanı The Washington Post qəzetində nəşr olunan müsahibəsində bildirib.
Onun yerini prezident Jovenel Moizin öldürülməsindən iki gün əvvəl Nazirlər Kabineti başçısı təyin etdiyi Ariel Henri alacaq. Le Nouvelliste qəzetinin baş redaktoru Franz Duval Jozefə istinad edərək bildirib ki, o, səlahiyyətlərini Ariel Henriyə iyulun 20-də təhvil verəcək.

Franz Duvalın Tvitterdə yazdıqlarına görə, K. Jozef Henrinin yeni hökumətində Xarici İşlər və Dini İşlər Naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Prezidentin öldürülməsindən sonra Jozef ölkənin idarə olunmasını nəzarətə götürmüşdü. A.Henri isə yeni seçkilərə qədər dövlətin məhz onun idarə etməli olduğunu söyləyərək, mövcud hökuməti tam saymadığını qeyd edib.

Haitidə prezident və parlament seçkiləri 26 sentyabr tarixində keçiriləcək. Ehtiyac olduğu təqdirdə noyabrın 21-də prezident seçkilərinin ikinci turu baş tutacaq.

Qeyd edək ki, Haiti Prezidenti 7 iyulda evinə silahlı hücum zamanı qətlə yetirilib. Ağır yaralanmış xanımı isə Mayamiyə aparılıb. Haiti hakimiyyəti Prezidentin qətlində şübhəli bilinən şəxslərin həbs olunduğunu elan edib. Məlumata görə, Moizi öldürən muzdlu dəstənin üzvləri 26 nəfərdən ibarətdir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Haiti  





Xəbər lenti