Kür Neftçalanı susuz qoya bilər - Rəsmi münasibət |
Amma digər ölkələrdə vəziyyət həqiqətən ağırdır. Bir neçə ay əvvəl Orta Asiyanın iki respublikasını - Tacikistan və Qırğızıstanı az qala müharibəyə sürükləyəcək sərhəd toqquşmasının kökündə duran məsələ də məhz su problemi idi.
Cənub qonşumuz İranda vəziyyət olduqca acınacaqlıdır. Ölkənin şimalındakı Urmiya gölünün quruması nəticəsində bölgənin ekosisteminə dəyən zərər hələ hesablanmamış, indi də cənubunda Xuzistan, cənub-şərqdə Bəlucistan əyalətlərində dəhşətli istilər nəticəsində yaranan quraqlıq kütləvi etiraz aksiyalarına və toqquşmalara gətirib çıxarıb.
Xuzistandakı aksiyalar daha genişdir. Əhali və fermerlər hökumətdən su probleminin çözülməsi üçün ciddi addımlar atmağı tələb edirlər. İğtişaşların miqyasını İran hökuməti nə qədər gizli saxlasa da, sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin çox ağır olduğundan xəbər verir.
Hazırda əsasən ərəblərin yaşadığı Xuzistan vilayətinə İranın təhlükəsizlik qüvvələri, “SEPAH” korpusunun əsgərləri və zirehl texnikası yeridilib.
Qonşu və qardaş ölkə Türkiyədə də quraqlıq əksər su anbarlarını, irili-xırdalı çayları qurudub. İstanbul başda olmaqla bir çox böyük şəhərlərdə su problemi yaşanır. İstanbulu içməli su ilə təmin edən anbarlarda suyun səviyyəsi 30%-ə qədər düşüb. Türkiyə Milli Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, istilər bir neçə həftə də davam etsə, ölkədə fövqəladə vəziyyət elan olunması gündəmə gələcək. Çünki istilərin yol açdığı meşə yanğınlarının miqyası daha genişlənir, isti havada yanğınla mübarizə isə demək olar ki, mümkünsüz hala gəlir.
Regionun ən zəngin su ehtiyatlarına sahib olan ölkədə bu vəziyyətin yaranması vəziyyətin ağırlığını göz önünə sərir. Artıq bir çox ölkələr yeraltı su mənbələrindən istifadə üçün qazıntı işlərinə start veriblər. Bu gedişlə içməli suyun gələcəkdə dünyanın geosiyasi konstruksiyasını dəyişəcək amil olacağına heç bir şübhə qalmır. Vəziyyət suya qənaətin, bu nemətdən rasional istifadənin, içməli və texniki suyun fərqləndirilməsinin və s. addımların labüdlüyünü diqtə edir.
Şahin Ömər
Azvision.az