Türkiyədə su qıtlığı- Meteoroloq xəbərdarlıq edir

 Türkiyədə su qıtlığı-  Meteoroloq xəbərdarlıq edir
  22 İyul 2021    Oxunub:980
Türkiyədə quraqlıq gündən-günə artır. Ölkə su ilə bağlı problem yaşamaqdadır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin meteorologiya üzrə mütəxəssisi Dr. Güven Özdemir deyib.

- Artıq su çatışmazlığından əziyyət çəkməyə başladıq. Səhra iqliminə doğru irəliləyirik. Əvvəldən ehtiyatlı olmalı, suyu çox diqqətlə istifadə etməliyik,- o bildirib.

Özdəmir deyib ki, yandırıcı istilər, güclü külək torpağın qurumasına səbəb olur. Quraqlığın inkişafını sürətləndirir.

- Təəssüf ki, Türkiyə quraqlıq yaşamağa başladı. Artıq su qıtlığı çəkirik. İstanbulda bəndlərin doluluğu 70 faizdir, ancaq tədricən azalacaq. Sudan çox diqqətlə istifadə etməliyik. Bu səbəbdən Türkiyədə quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan edilməlidir -, mütəxəssis söyləyib.

O, vətəndaşlar arasında məlumatlandırma kampaniyasının aparılmasının vacibliyini qeyd edib.

- Bələdiyyə bu istiqamətdə rayon küçələrində elanlar verməlidir. Suyun 70% -i əkinçilikdə istifadə olunur, diqqətli olmalıyıq. Biz sudan bəzən israfçılıqla istifadə edirik və yeraltı sular tükənməyə başlayıb,- o vurğulayıb.

Türkiyənin son 50 ildə Mərmərə dənizi qədər su ərazisini itirdiyini söyləyən Özdemir deyib ki, hələ itirməyə davam edirik:

"Dövlət tədbir görür, amma ictimaiyyət də diqqətli davranmalıdır. QHT-lər bununla bağlı işə əhəmiyyət verməlidirlər. Bu mövzuda 8-10 illik plan qurmalıyıq. Bu il Anadolu bölgəsində buğda istehsalı demək olar ki, yoxdur. Bu, ölkəyə ziyan vurur. Fəlakət bölgəsi elan edilməsi, quraqlığın həllində faydalı olacaqdır. İnsanlar daha şüurlu olacaqlar. Uşaqlar daxil olmaqla hər kəs sudan şüurlu istifadə etməlidir. Məktəblərdə uşaqlara sudan düzgün istifadə mövzusunda təlimlər verilməlidir".

O, Duz gölü və Sapanca gölü kimi vacib nöqtələrdən suların geri çəkildiyini vurğulayıb.

- Bu cür əhəmiyyətli gölləri qorumaq lazımdır. Tədbir görməsək, pis günlər bizi gözləyir. Ekvator şimala doğru irəliləyir, yəni səhralaşmaya doğru gedirik. Tropik iqlim üstünlük təşkil edəcək, güclü və qəfil yağışlar və temperatur müşahidə olunacaq. Bu isə torpağa və bütün canlılara mənfi təsir göstərəcəkdir -, ekspert deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Su-qıtlığı  





Xəbər lenti