Britaniya böyük dövlətlərlə konfliktə niyə girir? Yeni modelin təzahürləri – VİDEO-MÜSAHİBƏ

Britaniya böyük dövlətlərlə konfliktə niyə girir? Yeni modelin təzahürləri – VİDEO-MÜSAHİBƏ
  23 İyul 2021    Oxunub:5616
Cənubi Çin dənizindəki çoxtərəfli ərazi mübahisələri Asiya-Sakit Okean regionunu potensial "qaynar nöqtələr"dən birinə çevrib. Bölgədə gərginlik yenidən artıb. Bir neçə gün qabaq Çin Silahlı Qüvvələri ABŞ-ın Çin Xalq Respublikasının ərazi sularına girən "Benfold" esminesini akvatoriyadan "sıxışdıraraq", çıxardı. Lakin ABŞ-ın yeddinci donanması bəyan edir ki, "Benfold" əməliyyatı "Azad dənizçilik proqramı" çərçivəsində və mübahisəli Parasel adaları yaxınlığında həyata keçirilib.
ÇXR-in Müdafiə Nazirliyi bunu beynəlxalq hüququn pozulması və regionda sabitliyə təhlükə kimi qiymətləndirir. Avqust ayında ABŞ-ın ardınca Böyük Britaniya HDQ qrupunun təyyarədaşıyan zərbə gəmiləri də Çinin gözlənilən reaksiyasından asılı olmayaraq, Cənubi Çin dənizinə daxil olacaqlar. Bunu "The Times" qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Gördüyümüz kimi, təkcə ABŞ yox, Britaniya da Cənubi Çin dənizində Çinə meydan oxuyur. Bu yaxında Britaniya esminesi "Defender"in Qara dənizə də girdiyini nəzərə alsaq, Böyük Britaniya gəmilərinin Cənubi Çin dənizinə gedəcəyini anons etməsi təəccüb doğurmur.

ABŞ-ın Tennesi Universitetinin politologiya üzrə professoru Andrey Korobkov Azvision.az-ın rus redaksiyasının qonağı olaraq, planetimizin bu regionundakı situasiya ilə bağlı fikirlərini bölüşüb.

- Baş verənlər tamamilə məntiqlidir və son illərin hadisələrindən doğur. Əgər biz ABŞ ilə Çinin münasibətlərindən danışırıqsa, son dörd ildə Trampın siyasətinə hər tərəfdən hücum edən Bayden öz xarici siyasət konsepsiyasında iki mühüm postulatı qəbul edib. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, dünya sisteminin mərkəzi son 500 ildə olduğu Atlantikadan sürətlə Şimali Sakit okeana doğru hərəkət edir. Beləliklə, Çin də ABŞ-a meydan oxuyan dövlətə çevrilərək, potensisal fövqəldövlət olur. Deməli, onu cilovlamaq siyasətinə başlanmalıdır. Eyni siyasət vaxtilə Sovet İttifaqına qarşı yürüdülmüşdü- A. Korobkov deyir.- Ona görə də, ABŞ Çin ətrafında müdafiə, cilovlama sistemi qurmağa başlayıb: O, regionda öz hərbi mövcudluq sistemlərini gücləndirir, region ölkələri ilə yeni alyanslar formalaşdırır. Xüsusilə də, Çinin inkifından qorxuya düşmüş ölkələrlə.



Ekspertə görə, bundan əlavə, silahlanmanın sürətləndirilməsi və müəyyən üsullarla Çinin iqtisadi inkişafının ləngildilməsi prosesi gedir. O cümlədən, tarif müharibəsi vasitəsilə digər məhdudiyyətlər tətbiq olunur. Bu, problemin birinci tərəfidir. Məsələnin digər tərəfi odur ki, Çin regionun bir sıra dövlətlərinə ərazi iddiaları irəli sürməklə təkcə siyasət yox, həm də iqtisadiyyat haqqında düşünür. Akvatoriyanın sularına nəzarət resurslardan, okeanın şelfindən istifadəyə müvafiq haqq verir. Bu səbəbdən Çinin regionunu, demək olar ki, bütün ölkələri ilə müəyyən ərazi mübahisələri meydana çıxıb. Halbuki, əvvəllər bu mübahisələr sakit, yatmış halda idi. Bu ölkələr – Vyetnam, Tayvan, Filippin, Malayziya, Sinqapur və başqalarıdır. Çinin hazirda bu akvatoriyada özünü çox fəal apardığını görürük. O, Arktikadakı mövcudluğunu sürətlə artırır, hərbi bazalar yaratmağa, Şərqi Afrikada və Pakistanın, Şri Lankanın və Fars körfəzi ölkələrinin daxil olduğu Cənubi Asiyada xüsusi hüquqlar əldə etməyə çalışır. Buna görə də, ABŞ hərtərəfli qorxur və Çinin inkişafına, həmçinin onun əlavə iqtisadi hüquqlar əldə etməsinə hər vəchlə mane olmağa çalışır.

Ən maraqlısı, hətta müəyyən mənada gülməlisi üçüncü elementdir. Bu, AB-dən çıxan Böyük Britaniyanın öz siyasi modelini daha da gücləndirməyə çalışmasıdır. Britaniya bu modelə ta İkinci Dünya müharibəsinin sonundan sadiqdir: ABŞ-ın ən etibarlı müttəfiqi olmaq, onun ən qalmaqallı əmrlərini yerinə yetirmək. Bu modellə bağlı yetərincə qəribə əhvalatı biz Britaniya esminesinin Qara Dənizdəki manevrləri zamanı izlədik. Böyük Britaniya eyni hərəkəti Çinə qarşı da edir ki, əgər münaqişə (şübhəsiz, eskalasiya məqsədilə) baş versə, ABŞ ilə Çin arasında deyil, ABŞ-ın kiçik, ancaq çox mühüm tərəfdaşı olan Böyük Britaniya ilə Çin arasında olsun. Bu, Böyük Britaniyaya ilk növbədə ABŞ-la xüsusi münasibətlər qurmağa, haradasa öz post-imperiya ambisiyalarının ocağını alışdırmağa, artıq olmadığı "böyük dövlət" rolunu oynamağa imkan verir.

- Bu ölkələrin Cənubi Çin dənizində başlıca marağı isə Çinin fövqəldövlət olmasının qarşısını almaqdır. Amerikalıların əsas məqsədi budur. Lakin bundan başqa, ciddi iqtisadi maraqlar da var. Bir tərəfdən ABŞ fövqəldövlət olaraq sistemdə öz mövcudluğunu qorumaq istəyir, digər tərəfdən isə unutmaq olmaz ki, Britaniya keçmişdə regionun böyük müstəmləkə dövləti olub. Malayziya, Sinqapur, Honq-Konq onun koloniyaları olublar. Odur ki, Britaniya təkcə ABŞ-ın əlinə oynamır, həmçinin öz siyasi və iqtisadi maraqlarını da önə çəkir. Ona görə də, bu fəallıq davam edəcək və təkrar edirəm, onun iki mühüm məqsədi var: Birincisi siyasidir, yəni Çinin fövqəldövlət olmasına əngəl törətmək, ikiincisi də, regiondakı kontinental şelf hesabına əlavə iqtisadi üstünlüklər əldə etməsinə mane olmaq, - A. Korobkov bildirib.

Azvision.az



Teqlər: ABŞ   Çin   Britaniya  





Xəbər lenti