Fransada aksiyalar səngimir- Polis 71 nəfəri saxladı

Fransada aksiyalar səngimir-    Polis 71 nəfəri saxladı
  25 İyul 2021    Oxunub:963
Fransa polisi sanitariya tədbirlərinə qarşı keçirilən nümayişlərdə 71 nəfəri saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə LCI telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Telekanalın qeyd etdiyinə görə, təkcə Parisdə 24 nəfər saxlanılıb. Etiraz aksiyaları zamanı 27 polis məmuru və 2 jandarma yaralanıb.

BFMTV etiraz aksiyalarında 160 mindən çox insanın iştirak etdiyini bildirib. Rəsmi rəqəmlərə görə, Parisdə nümayişlərdə iştirak edənlərin sayı 11 min nəfər olub. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlarla müşayiət olunub.

Qeyd edək ki, iyulun 12-də Fransa Prezidenti Emmanuel Makron COVID-19-un yayılmasının qarşısını almaq üçün bir sıra yeni məhdudlaşdırıcı tədbirlər görüləcəyi ilə bağlı elan verib. Fransa liderinin açıqlamalarına görə, ölkədə avqust ayının əvvəlindən etibarən restoranlar, barlar, ticarət mərkəzləri, təyyarələr və uzun məsafəli qatarlar şəxsin peyvənd olunduğunu göstərən və ya COVID-19 testinin mənfi nəticəsini bildirən sanitar pasport tələb edəcək.

Makron tibb işçilərinin və qocalar evində çalışanların məcburi peyvənd olunacağını dilə gətirib.
Fransa Prezidentinin açıqlamalarından sonra yeni məhdudlaşdırıcı tədbirlərin əks olunduğu müvafiq qanun layihəsi hazırlanıb.Sənəd Fransa Milli Məclisi (parlamentin aşağı palatası) tərəfindən təsdiq edilib və baxılması üçün Senata təqdim olunub.

Şahanə Rəhimli



Teqlər: Fransa  





Xəbər lenti