MDB-nin mədəniyyət paytaxtı olan Qəbələdə yekun tədbir
AzVision.az xəbər verir ki, tədbirdə MDB respublikalarının mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandaki səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak ediblər. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd edib ki, 2013-cü ildə Qəbələyə “MDB-nin mədəniyyət paytaxtı” titulu MDB-yə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına görə verilib. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilib. S.Abdullayev “MDB-nin Mədəniyyət paytaxtı” estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçdiyini bildirib. İcra başçısı Səbuhi Abdullayev Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluya, Fondun icraçı direktoru Anatoliy İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən danışıb. Onlar Qəbələdə yaradılan müasir infrstaktur rayonda beynəlxalq əhəmiyyətli mədəni tədbirlərin ən yüksək səviyyədə keçirməyə imkan yaratdığını. qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi mühüm tarixə imza atdığını bildiriblər. Qeyd edilib ki, bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Çıxışlarda Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2014-cü ildə Qəbələnin Azərbaycanın Əfsanələr paytaxtı elan olunnmasından bəhs olunub.
Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı olub. Konsertdə “21-ci əsrin tenorları” art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları olub. Sonda “Qorxma, mən səninləyəm! 1919” bədii filminin nümayişi olub. Məlumat verilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan filmin çəkilişləri ölkəmizin 6 rayonunda aparılıb. Ötən əsrin 80-ci illərində çəkilən “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni kinoda tanınmış azərbaycanlı və rusiyalı aktyorlar çəkiliblər. Filmin ssenari müəllifi və rejissoru Rusiyanın xalq artisti Yuli Qusman və filmdə əsas rollardan birinin ifaçısı Polad Bülbüloğlu kino əsərinin yaranma tarixindən danışıb. Onlar filmin ərsəyə gəlməsində dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük dəstəyindən bəhs ediblər. Polad Bülbüloğlunun bir neçə sevimli mahnını ifa etməsi isə tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb. Sonra filmin nümayişi olub.
AzərTAc