18 milyon əfqan kəskin humanitar böhranla üz-üzədir - BMT

   18 milyon əfqan kəskin humanitar böhranla üz-üzədir -    BMT
  28 İyul 2021    Oxunub:956
Hazırda 18 milyona yaxın Əfqanıstan vətəndaşı kəskin humanitar böhranla üz-üzədir.
Azvision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstanda Yardım Missiyasının (UNAMA) rəhbəri Debora Layons bildirib.

Kabildə prezident sarayında hakimiyyət nümayəndələri ilə görüşdə çıxış edən Layons “Taliban"ın son hərəkətlərinin narahatlıq yaratdığını söyləyib.

“Lakin bizi ən çox narahat edən 18 milyon əfqanın kəskin humanitar böhranla üz-üzə qalmasıdır. Bu, bir il əvvəlkindən iki dəfə çoxdur, əhalinin yarısı deməkdir. Koronavirus pandemiyasının dördüncü dalğasını yaşayan bu insanlar, eyni zamanda uzun müddətli quraqlıq və dərinləşən hərbi qarşıdurmadan əziyyət çəkirlər. Mülki əhalinin qorunması ilə bağlı son yarım illik hesabatımızda qeyd etmişik ki, həmin dövrdə hər zamankından daha çox dinc insan ölüb. Əsas günahkar isə “Taliban”dır".

BMT nümayəndəsi hökumətin sərhəd məntəqələri üzərində nəzarəti itirməsinin də xüsusi narahatlıq doğurduğunu deyib: "İndi "Taliban" tərəfindən nəzarət edilən sərhəd məntəqələri keçən il hökumətə bütün büdcə gəlirlərinin üçdə biri qədər əhəmiyyətli dərəcədə gəlir gətirib".

O, beynəlxalq donorların Əfqanıstana humanitar yardım göstərməyə hazır olduqlarını, lakin bunun üçün dərhal davamlı sülhün əldə olunması və humanitar təşkilatların ölkənin hər yerinə girişinin təmin edilməsinin zəruriliyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   BMT  





Xəbər lenti