"The Sun": Çin və Rusiya nüvə müharibəsinə səbəb ola bilər

  31 İyul 2021    Oxunub :585
   "The Sun":   Çin və Rusiya nüvə müharibəsinə səbəb ola bilər
İngiltərənin nüfuzlu “The Sun” nəşri Rusiya və Çinin əleyhinə məqalə dərc edib. Yazıda qeyd edilir ki, dünya birliyi Rusiya və Çinin nüvə arsenallarının sürətlə inkişaf etdirməsindən son dərəcə narahat olmalıdır.
Azvision.az xəbər verir ki, məqalədə ingilis hərbi və siyasi ekspertlərin hər iki ölkənin nüvə arsenalını necə modernləşdirib yeni raketlər hazırladıqlarını yaxından izlədiyi vurğulanır.

"The Sun" yazır ki, ekspertlər Rusiya və Çinin bu cür hərbi davranışlarının nəzarətdən çıxan nüvə müharibəsinin başlanmasına səbəb ola biləcəyini proqnozlaşdırırlar. Jurnalist Kris Bradfordun müəllifi olduğu sözügedən məqalədə Silahlara Nəzarət Dərnəyinin tərksilah siyasəti və təhdidlərin azaldılması üzrə direktoru Kinqston Rafedən də sitat gətirilib. O, müasir reallıqlara əsaslanaraq silahlanma yarışında "Soyuq Müharibə" dövründəki anlayışların olmadığını bildirib.

“Buna baxmayaraq, dünya birliyi Rusiya və Çinin nüvə arsenallarının sürətlə inkişaf etdirməsindən son dərəcə narahat olmalıdır”,-məqalədə qeyd edilib.

Həmçinin ABŞ-ı da yada salıb nüvə üçlüyündən bəhs edən Bradford, Vaşinqtonun əsas vəzifəsinin qlobal münaqişə ehtimalını mümkün qədər minimuma endirmək olduğunu qeyd edib. Jurnalistin fikrincə, ABŞ -ın hazırda nüvə silahı və nüvə arsenalının daşıyıcılarının modernləşdirilməsi istiqamətində gördüyü bütün işlər yalnız bu ölkənin və onun müttəfiqlərinin müdafiəsini təmin etmək məqsədi daşıyır. Beləliklə, məqalə müəllifi Rusiya və Çini dünyanı destabilizə etməkdə günahlandırıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Nüvə   Çin   Rusiya   Müharibə  







Xəbər lenti