ABŞ 24 rusiyalı diplomata ölkəni tərk etmələri üçün bir ay vaxt verdi

  02 Avqust 2021    Oxunub :585
ABŞ 24 rusiyalı diplomata ölkəni tərk etmələri üçün bir ay vaxt verdi
ABŞ hakimiyyəti vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3-dək tərk etməli olan 24 diplomatın siyahısını Rusiya səfirliyinə təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyasının Rusiya ilə sabit və proqnozlaşdırıla bilən əlaqələrin inkişafı zəruriliyi ilə bağlı açıqlamasına baxmayaraq, rus diplomatları ABŞ -da görünməmiş məhdudiyyətlər şəraitində işləmək məcburiyyətində qalıblar.

"3 sentyabr 2021 -ci ilə qədər ölkəni tərk etməsi gözlənilən 24 diplomatın siyahısını aldıq. Vaşinqton birdən-birə viza prosedurunu sərtləşdirdiyinə görə, demək olar ki, onların hamısı əvəzlənmədən ölkədən gedəcək", - Antonov deyib.

Əlavə edib ki, Amerika hakimiyyəti heç bir izahat vermədən diplomatik missiya işçilərinin ailə üzvlərinin etibarlı vizalarını ləğv etməyə və həmçinin giriş icazələrinin yenilənməsini gecikdirməyə başladı.

"Nəticədə, təxminən altmış həmkarım (ailə üzvləri ilə birlikdə 130) təcili humanitar şərtlər altında belə vətənlərinə qayıda bilmirlər", - diplomat vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Rusiya  







Xəbər lenti