Həyatda ən çox qızını sevirdi... - Rafiq Hüseynovun 75 illiydir

 Həyatda ən çox qızını sevirdi...  -  Rafiq Hüseynovun 75 illiydir
  04 Avqust 2021    Oxunub:1610
Bu gün Xalq artisti Rafiq Hüseynovun doğum günüdür. Sevimli diktorumuz yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.
Onun ad günündə Azvision.az aparıcının xanımı Səbinə Hüseynova ilə söhbətləşib.

- Qızımla birlikdə Rafiqin məzarını ziyarət edib, xatirəsini andıq. Biz həmişə yoldaşımın xatirələrilə yaşayırıq. Rafiq adətən doğum günlərini axşama kimi ailəsilə qeyd edirdi, axşam isə dostları ilə toplaşırdılar - Səbinə xanım həyat yoldaşı haqqında xatirələrini bölüşür.- İndi Rafiqsiz onun doğum gününü qeyd etmək çox çətindir. Adətən deyirlər ki, zaman yaralara məlhəmdir. Mən bu fikirlə razı deyiləm. Zaman hərəyə bir cür təsir edir. Rafiq həmişə bizimlədir. İllər onun yoxluğunun veridiyi sızıltını sağalda bilməz. Zarafatları qulağımdadır. Onda güclü yumor hissi var idi. Daha çox həmin məqamları xatırlayırıq.


Ailəsi Rafiq müəllimə doğum günlərində vaxtlə etdiyi hədiyyələri indi də qoruyub saxlayır. "17 il evil olduğumuz müddətdə neçə doğum gününü qeyd etmişəm. Hədiyyələrinin bir çoxu indi də durur. Ad günlərini qeyd etməyi sevirdi. Çünki həmin gün ətrafında yaxınları, dostları olurdu. Yaxınları ilə vaxt keçirməyi xoşlayırdı. Ad günləri onlarla bir yerdə olmaq üçün səbəb idi. Rafiq pianinoda çalır, bəzən də mahnılar oxuyurdu",- deyir Səbinə xanım.


Diktor qızına çox bağlı olub. Həmişə deyirdi ki, "qızım mənim hər şeyimdir". Qızı Leyli də onu böyük məhəbbətlə sevirdi. Atası onun üçün hər şey idi. Leyli hazırda Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsidir. Paralel olaraq, Azərbaycan televiziyasında ingilis dilində aparıcı kimi də çalışır.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: RafiqHüseynov   Diktor   Xalqartisti  





Xəbər lenti