İranda yeni təxribat axtarışı: Paşinyan Tehrandakı çıxışını təkrarlaya bilməyəcək

   İranda yeni təxribat axtarışı:   Paşinyan Tehrandakı çıxışını təkrarlaya bilməyəcək
  05 Avqust 2021    Oxunub:1801
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırır. Doğrudur, bu özəl səfər deyil. Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılır.
Ancaq o İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi. Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoydu .

Məsələni Azvision.az -a şərh edən politoloq Elxan Şahinoğlu xatırlatma edib ki, erməni baş nazir sonuncu dəfə İranda 2019-cu ilin fevralında rəsmi səfərdə olmuşdu. Bu, həm də Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi:

"Paşinyan həmin səfərə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı. Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirmişdi ki, 1991-ci ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı vaxtdan bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz Paşinyanın ilk hakimiyyət dövründə qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedirdi. Əslində rəqəm böyük deyildi. Ancaq faktın özü maraqlıydı ki, bu, iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstərici sayılır.

Təsadüfi deyil ki, Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi. Nikol İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı. Alınmadı, verilən vədlər həyata vəsiqə qazanmadı ".

Politoloq Ermənistan baş nazirinin İrana həmin səfərinin qalmaqalla yadda qalmasını da xatırladıb. Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq mərkəzində erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda “Dağlıq Qarabağ Respublikasının bayrağı” və “Qarabağ Ermənistanındır” şüarı asılmış selfisini yaydı:



"Rəsmi Bakı Tehranda bu toplantıya aydınlıq gətirməsini tələb etdi. Çünki həmin zalda açıq-aşkar Azərbaycana və İran-Azərbaycan əməkdaşlığına qarşı təxribat həyata keçirilmişdi. İrandan qeyri-rəsmi kanallarla xəbər yayıldı ki, “Qarabağ Ermənistandır” şüarını zalda qaldıran şəxslər saxlanılıb və onlar sorğu-sual ediliblər. Bunu yoxlamaq çətin olsa da, hər halda Tehranda anladılar ki, İran ermənilərinin Paşinyanın selfisi ilə birgə həyata keçirdiyi təxribat İranın özünün əleyhinə işlədi.
Nikol Paşinyan Tehrandakı çıxışında bunları demişdi:

“Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır. Prezident İlham Əliyevlə danışıqlardan nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin. Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək”.

Bu açıqlamadan təxminən il yarım sonra Azərbaycan müharibədə qələbə çaldı və Nikol Paşinyanın Tehrandakı çıxışının mənasız olduğu aydınlaşdı. Məğlub baş nazir bu dəfə Tehranda geniş nitq söyləməyəcək, andiçmədə iştirak edərək İran rəsmiləri ilə görüşüb geri qayıdacaq. Paşinyanla görüşəcək İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin ".

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   İran  





Xəbər lenti