Mərkəzi Asiya ölkələrinin liderləri Əfqanıstanı müzakirə edib

Mərkəzi Asiya ölkələrinin liderləri Əfqanıstanı müzakirə edib
  06 Avqust 2021    Oxunub:948
Mərkəzi Asiya ölkələrinin liderləri Əfqanıstandakı vəziyyətin nizamlanmasını müzakirə ediblər. Prezidentlər Xəzər dənizinin Türkmənistan sahilindəki "Avaza" milli turizm bölgəsində bir araya gəliblər.
Azvision.az - ın məlumatına görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında Mərkəzi Asiya regionunun təhlükəsizliyinin və davamlı inkişafının böyük ölçüdə qonşu Əfqanıstandakı siyasi nizamlanmadan asılı olduğunu söyləyib.

"Sülh prosesi ilə bağlı baxışımız atəşin və zorakılıqların tam şəkildə dayandırılması, danışıqlar əsasında qarşılıqlı məqbul kompromislərə nail olunmasından ibarətdir. Ölkənin dağılmış iqtisadiyyatını bərpa etmək üçün iri nəqliyyat, rabitə və enerji layihələrinin həyata keçirilməsini təşviq edəcəyik. Dost Əfqanıstan xalqına güclü humanitar yardım göstərməyə davam edəcəyik", - Mirziyoyev bildirib.

Tacikistan Prezidenti Emoməli Rəhmon Əfqanıstan probleminin həllinin bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, xüsusilə ABŞ qoşunlarının və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması bu ölkədəki hərbi-siyasi vəziyyəti kəskin şəkildə ağırlaşdırıb. Prezident vurğulayıb ki, indi Əfqanıstanın Tacikistanla bütün dövlət sərhəd zolağı “Taliban” hərəkatı üzvlərinin nəzarətinə keçib. Tacikistan sərhədləri yaxınlığında müxtəlif qruplaşmaların toplanması xüsusi narahatlıq doğurur. Rəhmon Düşənbənin bu vəziyyəti nəzərə alaraq sərhəd mühafizəsini gücləndirmək üçün əlavə tədbirlər gördüyünü vurğulayıb.

"Əfqanıstanın dinc və firavan bir dövlət olmasını dəstəkləyirik", - Tacikistan lideri deyib.

Xatırladaq ki, bu, Mərkəzi Asiya dövlət başçılarının üçüncü Məşvərət görüşüdür. Bu formatda onlar ilk görüşü Nur-Sultanda (2018), ikincisini Daşkənddə (2019) keçiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Müzakirə  



Xəbər lenti