Maraqlıdır ki, erməni cəmiyyəti və hakimiyyəti məğlubiyyətlə barışmasına, ortada kapitulyasiya aktının olmasına baxmayaraq, hələ də uydurulmuş "Artsax"ın mövcud olduğunu düşünənlər, belə xülyalarla yaşayanlar var. Baxmayaraq ki, bundan sonra torpaqlarımızda ikinci erməni dövlətinin yaranması mümkün deyil, radikal düşüncəli bəzi erməni fəallar, siyasətçi və ziyalılar cəmiyyəti yenə də yanlış istiqamətə yönləndirməyə cəhdlər edirlər. Məsələn, Qarabağdakı keçmiş qondarma rejimin "qalıqlarından" olan "deputat" Metaxe Akopyan kimi.
Azvision.az xəbər verir ki, Akopyan Nikol Paşinyanla Araik Arutyunyanın görüşünün "biabırçı və utancverici bir tərzdə" baş tutmasını deyib. Akopyanın fikirlərini dərc edən
yerli media Qarabağ ermənilərinin gələcəyə - statusla bağlı məsələlərə daha əvvəlki tək ümidli baxmadıqlarını da yazıb:
“Araik Arutyunyan bir neçə gündür iki "nazir"lə Ermənistandadır. Nazirlər hüquq-mühafizə orqanlarını təmsil etmirlər. Arutyunyan Nikol Paşinyanla görüşdü. Yenə Qarabağın taleyi, təhlükəsizlik məsələləri haqqında bir kəlmə də söz açılmadı. Xaos, qeyri-müəyyənlik, daxili və xarici siyasi böhran vəziyyətində yalnız sosial, tikinti problemləri, iqtisadi inkişaf proqramları müzakirə olunur. Bu barədə geniş danışmayacağam. "Hakimiyyət" kürsüsündən yapışan adama - Arutyunyana bir neçə sualım var. Paşinyan hər yola əl atıb, təslim olmağı seçən bir prezidentdir. Araik Arutyunyan, niyə kapitulyant həmkarınızla sosial problemlər əvəzinə Qarabağın təhlükəsizlik məsələlərini müzakirə etmirsiniz?
Bilirsinizmi ki, hakim siyasi qüvvə Milli Assambleyada Qarabağla bağlı daimi komissiyanın yaradılmasına qarşı çıxdı? Bu isə Ermənistanın indiki iqtidarı üçün "Artsax" məsələsinin mövcud olmadığını sübut edir ".
Əlbəttə, keçmiş qondarma rejimin tör-töküntüləri gözəl anlayırlar ki, Qarabağ erməniləri ölkəmizdə yaşayan digər milli azlıqlar kimi, bütün vətəndaşlarımızla eyni hüquqa malikdirlər, onlarla bağlı hansısa siyasi və ya hüquqi məsələlərin müzakirəsi real görünmür. Paşinyan bununla artıq barışıb. Ortalıqda avara uşaq kimi dolaşan Arutyunyanın kimlərləsə hansısa ciddi siyasi müzakirələr aparması sadəcə, məzəli görünür. Ermənistan rəhbərləri uzağı ildə bir-iki dəfə Arutyunyanla görüntü naminə formal fotolar çəkdirə bilərlər. Həm statusun, həm də digər məsələlərin yeri isə artıq bir dəfə göstərilib.
Tural Tağıyev
Azvision.az