Kiberəməliyyatların tətbiq edildiyi ilk savaş: "5 günlük"dən 13 il ötür - FOTOLAR

  Kiberəməliyyatların tətbiq edildiyi ilk savaş:  "5 günlük"dən 13 il ötür - FOTOLAR
  07 Avqust 2021    Oxunub:3343
Bu gün Rusiya-Gürcüstan müharibəsinin başlanmasından 13 il keçir. Tarixə “5 günlük müharibə”, yaxud “Avqust döyüşləri” kimi düşən bu münaqişə iki keçmiş Sovet dövləti arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci il avqustun 7-də başlamışdı. “Avqust döyüşləri” XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.
2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü "Qızılgül inqilabı" nəticəsində Tiflis ilə Moskva arasındakı münasibətlər pisləşməyə başladı. Bu münasibətlər 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. Avqustun 1-də cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutdular. Nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı. Rusiyanın dəstək verdiyi separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələri endirilməsi isə 1992-ci ildə imzalanmış atəşkəs razılaşmasını qüvvədən saldı.


Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə avqustun 7-də Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bununla da strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda genişmiqyaslı döyüşlər başladı. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.


"The Hill": "ABŞ və Rusiya nüvə savaşına hazırdır"
Rusiya ordusu isə cavab olaraq qeyri-qanuni şəkildə Rusiya-Gürcüstan dövlət sərhədini keçdi. Beləcə 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqressiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə hücumlara başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiyada, həmçinin ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldular. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək, ikinci cəbhə açdılar.


Müharibə yalnız quruda və havada deyil, su hövzələrində də aparıldı. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya almağı bacardı. Döyüşlərin gedişində Rusiya Hərbi Hava Qüvvələri münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirmişdi.
Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiberəməliyyatların da aparıldığı ilk savaş kimi tarixə keçdi. Aktiv informasiya müharibəsi həm döyüşlər ərzində, həm də daha sonra davam etdi. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatdı.



Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini tutub, atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. Cənubi osetiyalılar isə gürcü kəndlərinin əksər hissəsini dağıtdılar və müharibəyə qədər burada yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı.


Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Moskva 8 oktyabr tarixinə qədər öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi.



5 günlük döyüşlər zamanı 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşsə də, onların çox hissəsi müharibə başa çatdıqdan sonra əvvəlki yaşayış yerlərinə qayıtdı. Bu gün də məlum münaqişə səbəbindən Gürcüstanla Rusiya arasında soyuq münasibətlər davam edir, diplomatik əlaqələr isə bərpa olunmayıb.
Münasibətlərə dair ən son açıqlama dünən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzedən gəlib. O bəyan edib ki, Gürcüstan Rusiya ilə dilomatik münasibətləri bərpa etməyəcək. Kobaxidzenin sözlərinə görə, rəsmi Tbilisi Moskva ilə ticarət, iqtisadi və humanitar əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Azvision.az 21-ci əsrdə Avropada baş verən ilk müharibədən olan fotoları təqdim edir:























Tural Tağıyev
Azvision.az




Teqlər:   Gürcüstan   Müharibə   Rusiya  



Xəbər lenti