Azərbaycanda illik inflyasiya 5%-ə yaxınlaşır

   Azərbaycanda illik inflyasiya 5%-ə yaxınlaşır
  09 Avqust 2021    Oxunub:1175
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 104,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1%, qeyri-ərzaq məhsulları üzrə 104,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9% təşkil edib.
Azvision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, cari ilin iyul ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin iyul ayına nisbətən 106% olub.

2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin iyul ayına nisbətən 106,4% təşkil edib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, azalma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin iyul ayına nisbətən 104,8 faiz təşkil etmişdir. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,2 faiz təşkil etmişdir. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azvision.az



Teqlər: DSK  





Xəbər lenti