63 yaşlı Teymur Göyçayevin xoşbəxtlik formulu

  63 yaşlı  Teymur Göyçayevin xoşbəxtlik formulu
  11 Avqust 2021    Oxunub:4947
Gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze “Мои года - моё богатство” (Yaşım mənim var-dövlətimdir) oxuyurdu. İllər birinə mənəvi zənginlik, təcrübə, digərinə sadəcə, qocalıq gətirir. Fikrimcə, insan xoşbəxt və öz işi ilə məşğul olanda, yaşlandıqca daha da zənginləşir, püxtələşir. Bu gün doğum gününü qeyd edən Xalq artisti Teymur Göyçayev kimi. 63 yaşı tamam olan drijor ürəyində qocalmayan insanlardandır.
Biz Teymur müəllimin doğum gününü təbrik etmək üçün zəng vuranda o, iş başında idi: Bülbül adına Orta ixtisas Musiqi Məktəbində təhsil alan 12 yaşlı qızı ilə skripka dərslərinin məşqini edirdi.

- Mən uşaqlarla işləyirəm. Ona görə də, neçə yaşımın olmasından asılı olmayaraq, uşaqlıq dövrünü hər dəfə onlarla birgə yaşayıram. Məni qocalmağa qoymurlar,- deyən Teymur müəllim bizə ürəyini açır. Onun səmimi və və şən səsindən ürəklənib, qocalıqdan qorxub-qorxmadığını soruşuram. Deyir ki, əgər bir insanın cəmiyyətdə, ailədə hörməti varsa, o, xoşbəxt kəsdir. Adam xoşbəxt olanda öz yaşını hiss etmir.

- Təbii ki, hamımız qocalırıq. Amma baxır, necə yaşlanırıq. İnsanın iç gözəlliyi daha vacibdir. İnsan var ki, yaşı azdır, amma ürəyində qoca adamdır. Özlərini daxildə cavan saxlayan insanlar heç vaxt qocalmazlar.
Mstislav Rostropoviç Bakıya gələndə 75 yaşı var idi. Ancaq onun musiqiyə, gözəlliyə, ümumən hər şeyə reaksiyası uşaq kimi idi. Çünki daxilində yaşlanmamışdı.


Drijorun səsində bir şadyanalıq duyulur. Ovqatı sevincdən xəbər verir. Ad günündə özündən çox qızından fəxrlə söhbət açır. Övladının onun yolunu davam etdirməsi qəlbini qürurlandırır.
- Mən onunla işləyirəm, çətinliklər var. Amma o məni başa düşür. İstəyirəm ki, qızım peşəkar musiqiçi olsun. Ondan əvvəl isə yaxşı insan kimi yetişsin. Məncə, belə də olacaq,- drijor əminliklə vurğulayır.

Teymur müəllimin 4 övladı - 3 oğlu, bir qızı var. Sənətkarın səbirsizliklə gözlədiyi məqamlardan biri də baba olmaqdır. Ən çox da qız övladının böyüyüb, ailə-uşaq sahibi olmağını diləyir. Söhbət əsnasında zarafatla oğlanlarından evlənmədikləri üçün gileylənir də.
- 30-a yaxın yaşlarının olmasına baxmayaraq, hələ evlənməyi fikirləşmirlər. Ona görə də, mən nəvəsiz qalmışam. İnşallah haçansa olacaq. Allah o yolu açarsa, xoşbəxt olaram. Qızımın toy-büsatını görsəm, lap dünyanın bəxtəvəri olaram.

Qızım dünən axşam saat 12-də otağıma girdi və mənim üçün “happy birthday” oxudu. Xoşbəxt atayam. Peşə sahibi olmaları öz yerində, ilk növbədə uşaqlarımın hamısını insan kimi yetişdirə bilmişəm. Əminəm ki, heç vaxt mənim başımı aşağı etməyəcəklər.

Teymur müəllim söhbət etdikcə onun həyatsevərliyinə, enerjisinə qibtə etməmək mümkün deyildi. Özümü saxlaya bilmədim, sənətkardan bu gücü nədən və ya kimdən aldığını soruşdum. Cavabı: "Ailəmdən alıram o gücü. Ailəmdə o atmosfer var. Mənə bunu his setməyə imkan verirlər” oldu.


Ancaq onun ailəsi tək xanımı və övladları deyil. Həm də rəhbərlik etdiyi məktəbin şagirdləridir. Drijorumuz elə ab-hava yaratmalıdır ki, şagirdləri ona baxıb, özlərini rahat hiss etsinlər. Təhsillərində uğur qazana bilsinlər. Bunların hamısı Teymur müəllimi xoşbəxt edir. Onun ad günündə özünə arzusu budur:

- Həmişə belə şux qalım. Allahın mənə verdiyi ömrün, günün hər gününə qurban olum. Hər gün deyirəm ki, nə yaxşı, bu həyatı yaşayıram və ətrafımda gözəl insanlar var.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: TeymurGöyçayev   Drijor   Xalqartisti  





Xəbər lenti