Günün tarixi: “Kursk”a əslində nə olmuşdu – 21 illik sirr

     Günün tarixi:     “Kursk”a əslində nə olmuşdu –    21 illik sirr
  12 Avqust 2021    Oxunub:7688
21 il bundan əvvəl avqustun 12-də nəinki Rusiya, eləcə də bütün dünyada böyük səs-küy yaradan faciə baş verdi. "Kursk" atom sualtı qayığı müəmmalı şəkildə Barents dənizinin dibinə gömüldü. Sualtı qayıqdakı bütün heyət - 118 nəfər bu faciənin qurbanına çevrildilər. Halbuki "Kursk" atom sualtı qayığı dünyanın ən müasir hərbi gəmilərindən biri hesab edilirdi.
Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi ki, gövdəsi ikiqat olduğundan, bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil.

Hərbi təlimlər

Həmin dövrdə Barents dənizində hərbi dəniz manevrləri keçirilirdi. Bu tədbirdə 2000-ci il mart ayının 8-də Rusiyanın Prezidenti seçilmiş Vladimir Putin də iştirak etməli idi. Bu məqsədlə xüsusi mərasim keçirilməsi nəzərdə tutulmuşdu. Manevrləri Rusiyanın dəniz gücünə baxış hesab edilirdi. Təlimlərə onlarla hərbi gəmi cəlb edilmişdi. Onların arasında olan "Kursk" Rusiya hərbi dəniz donanmasının fəxri hesab edilirdi.

2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimlərə başladı. Manevrlərə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlanmışdı.


“Kursk”ın göyərtəsində 24 ədəd qanadlı "P-700 Qranit" raketi və 24 ədəd torpeda vardı. Sualtı hərbi qayığa 1-ci dərəcəli kapitan Gennadi Laçin komandanlıq edirdi. Avqustun 12-də səhər "Kursk" "P-700 Qranit" qanadlı raketi ilə "Admiral Kuznetsov" və "Böyük Pyotr" gəmilərinə şərti "hücum" etməli idi. Hücuma hazırlıq səhər saat 9.40-da başlanmalı, 11.40-13.40 saatları arasında isə adıçəkilən gəmilərə "zərbə"lər endirilməli idi. Saat 11.28-də "Böyük Pyotr" kreyserindəki hidroakustik aparat zəif atəş səsi qeydə aldı. Bundan sonra gəmi bərk silkələnsə də, kapitan Vladimir Kasatonov buna ciddi şəkildə reaksiya vermədi.
Həmin vaxt "Böyük Pyotr"un göyərtəsində olan Şimal hərbi dəniz qüvvələrinin komandanı Vyaçeslav Popov nə baş verdiyini soruşub. Ona cavab veriblər ki, radiolokasiya stansiyasının antenası işə düşüb. Amma hərbi dəniz təlimlərini müxtəlif istiqamətlərdən müşahidə edən müşahidəçilər "Kursk"dan şərti hədəfə torpedo "zərbə"lərinin endirildiyini qeydə almayıblar.

Təlimləri izləyən komanda məntəqəsində də "Kursk" atom sualtı qayığının fəallığını qeydə almamışdılar. Dərhal onunla əlaqə saxlamağa cəhd edirlər. Lakin bütün çağırışlara baxmayaraq, "Kursk" atom sualtı qayığı inadla susmaqda davam edirdi. Sanki belə bir gəmi heç yox imiş…

Nə baş verib?

Belə olanda Şimal Hərbi Dəniz qüvvələri komandanı Vyaçeslav Popovun əmri ilə hərbi təyyarələr "Kursk"un axtarışına başlayırlar. Amma "Kursk" atom sualtıqayığı sanki havaya buxarlanmışdı. Təlimlərin keçirildiyi Barents dənizi akvatoriyasında havadan və sudan həyata keçirilən axtarışlar nəticə vermir. Şimal hərbi dəniz qüvvələri komandanlığında "Kursk"un məhv olduğunu anlayırlar. Ancaq bu, necə ola bilərdi? Axı “Kursk” nəinki Rusiyada, həm də dünyada ən müasir və güclü hərbi gəmilərdən biri hesab edilirdi. Qəza baş verəcəyi təqdirdə sualtı qayıqdan dərhal avtomatik şəkildə efirə "SOS" siqnalları göndərilməli idi. Bundan əlavə, "Kursk" atom sualtı qayığındakı xüsusi cihaz qəza təhlükəsini qeydə alan kimi obyektin yeri barədə mərkəzi komandanlığa şifrəli məlumat ötürülməli idi.


"Kursk"un müəmmalı şəkildə yoxa çıxması hərbi dəniz komandanlığını və hadisədən xəbər tutan müdafiə nazirliyini təşvişə salmışdı. Üstəlik, bütün bunlar hərbi dəniz təlimlərini şəxsən müşahidə edən Prezident Vladimir Putinin ovqatının korlanmasına gətirib çıxarmışdı. Buna baxmayaraq, Barents dənizində hərbi-dəniz təlimləri davam etdirildi. Yalız axşam saat 23. 00-da Şimal Hərbi dəniz qüvvələrinin komandanlığı "Kursk"un qəzaya uğramasını etiraf etməli oldu. Lakin sualtı qayığının qəzaya uğrayarkən "SOS" göndərməməsi komandanlıq üçün sirr olaraq qalmaqda idi.

Avqustun 13-də səhər tezdən Şimal Hərbi Dəniz qüvvələrinə məxsus olan bütün hərbi gəmilər, o cümlədən, sualtı axtarış xilasedici qayıqları və hərbi vertolyotlar "Kursk"un axtarışına cəlb edildilər. Uzun və əzablı axtarışlardan sonra "Böyük Pyotr" kreyserindəki hidroakustik aparat 108 metr dərinlikdə "Kursk" sualtı qayığı aşkarlayır.

Uğursuz xilasetmə əməliyyatı

Avqustun 13-dən başlayaraq, "Kursk"un xilas edilməsi üçün xüsusi əməliyyat başlayır. Xilasetmə əməliyyatına Şimal hərbi dəniz komandanlığına daxil olan bütün gəmilər cəlb edilmişdilər. Amma bütün səylərə baxmayaraq, heç nə alınmır. Avqustun 20-də Şimal Hərbi dəniz komandanlığı anlayır ki, nəinki 7 gün, hətta 7 ay da çalışsalar, "Kursk" atom sualtı qayığını suyun üzərinə qaldıra bilməyəcəklər. Bu barədə müdafiə nazirliyinə və prezident Putinə də raport verirlər.

Uzun müzakirələrdən sonra kömək üçün Norveç hökumətinə müraciət edilməsi qərara alındı. Əslində Norveç hökuməti qəza baş verən ilk günlərdən Rusiyaya öz köməyini təklif etmişdi. Amma Rusiya Norveçin köməyindən imtina etmişdi. Çünki batan qayığı Rusiyanın özünün su üzərinə qaldıra bilməməsi ölkənin imicini şübhə altına ala bilərdi. O vaxt Şimal Hərbi dəniz komandanlığı batan sualtı qayığın xilas edilməməsinin səbəbini ilk növbədə qəza baş verən yerdə güclü su axınlarının və burulğanların olması ilə izah edirdi. Amma hadisələrin gedişi göstərdi ki, qüdrətli hesab edilən Rusiya hərbi dəniz donaması öz gücü ilə "Kursk"u batdığı yerdən çıxara və qəzanın əsl səbəblərini aşkar edə bilməyəcək. Ona görə də, yeganə çıxış yolu Norveçin köməyini qəbul etmək idi.


Rusiyadan yardım xahişini alan kimi Norveç hökuməti qəza baş verən yerə "Seaway Eagle" xilasedici gəmisini göndərir. Norveç xilasediciləri ilk cəhddəcə "Kursk" atom sualtı qayığına yaxınlaşaraq, onun qəza xilasetmə lükünü açırlar. Bundan sonra onlara 6 rus dalğıcı da qoşulur. Sualtı qayığa daxil olan Norveç dalğıclar kəsmə aparatlarından istifadə etməklə çətinliklə də olsa, gizli sənədlər və heyət olan yerlərə daxil olurlar. Bundan sonra qəza nəticəsində ölən heyətin və gizli sənədlərin üzə çıxarılmasına başlanır.

Duman dağılır

Xilasetmə əməliyyatları zaman ən böyük təhlükə sualtı qayığın nüvə mərkəzinin zədələnməsi və ətrafa ölüm saçan radiasiya şüaların yayılması ilə bağlı idi. Ancaq aparatlar hadisə yerində şüalanma qeydə almırlar. Sualtı qayığın yoxlanılması zamanı məlum oldu ki, o, qəza nəticəsində güclü zərbədən iki yerə bölünüb, ancaq xoşbəxtlikdən nüvə mərkəzi zədələnməyib.

Norveç xilasedicilərinin yüksək məharət nümayiş etdirməsinə dünya da heyran qalmışdı. O dövrdə Almaniyanın qəzetlərindən biri yazmışdı ki, əgər Norveç xilasediciləri köməyə gəlməsəydilər, ruslar illərlə "Kursk"a yaxınlaşa və ona daxil ola bilməyəcəkdilər. Rusiyanın özündə belə Norveç xilasedicilərinin məharəti böyük əks-səda doğurmuşdu. Halbuki, Norveçin bu sahədə Rusiya ilə rəqabətə girə bilməsi məntiqi baxımdan ağlabatan görünmürdü. Məlum oldu ki, Rusiya hərbi dəniz qüvvələri sahəsində Norveçdən belə geri qalmaqdadır.
Burada bir maraqlı məqama da toxunmamaq olmur. Əgər Rusiya "Kursk" qəzaya uğradığı andan xilasedici əməliyyatlarda yardım üçün kömək əli uzadan Norveçə rədd cavabı verməsəydi, bəlkə də, sualtı qayıqdakı heyətin bir hissəsini ölümdən xilas etmək olardı…


Tədricən qəzanın başvermə şəraiti də aydınlaşır. Rəsmi məlumata görə, yerli vaxtla saat 11:28-də, torpeda yanacağında istifadə edilən yüksək sıxılmış hidrogen-peroksid torpeda bölməsinə dolub. Burada isə mis materiallar ilə zəncirvari reaksiya yaranıb və partlayış meydana gəlib. Seysmoqraflarda birinci partlayış 1.5-2.2 bal gücündə qeydə alınıb. Partlayış sualtı qayığın gövdəsini zədələyib. Bu da təxminən 1 000 dərinlikdə sualtında təzyiqin yaranması deməkdir. Qayığın ikinci və dördüncü bölmələri saniyədə 90 000 litr su ilə dolmağa başlayıb. Bu ərazidə olan bütün heyət üzvləri həlak olub. Amma nüvə reaktorlarının yerləşdiyi bölmə bu partlayışdan zədələnməyib. Seysmoqraflarda ikinci partlayışın gücü 3.5-4.4 bal gücündə qeydə alınıb.

İki partlayışdan sonra gəmi heyətindən 23 nəfər sağ alıb. Onlar qayığın doqquzuncu bölməsinə sığınıblar. Bu bölmədə qayığın ikinci yanğın çıxışı yerləşirdi. Burada suyun 100 metr dərinliyində onlar bir-bir qayığı tərk edə bilərdilər. Amma əvəzində xilasedici gəminin gəlməsini gözlədilər. Az sonra qayığın ehtiyat enerji təminatı və reaktorları sönüb. Qayığın içərisində havanın hərarəti düşməyə başlayıb.


Əslində nə olmuşdu?

2001-ci ildə “Kursk” atom sualtı qayığının qalıqları su üzərinə qaldırıldı. Bundan sonra mütəxəssislər sualtı qayığı əsaslı şəkildə nəzərdən keçiriblər. Məlum olub ki, sualtı qayıqda qəza baş verən gün komanda heyətinin danışıqlarını yazan maqnitofon söndürülübmüş. Sualtı qayıqda həmçinin qəza zamanı avtomatik şəkildə işə düşəcək siqnalizasiya sistemi də hansı səbəbdənsə söndürülübmüş. Gəminin növbə jurnalında isə baş verən hadisə ilə bağlı hər hansı qeyd yox idi.

Ona görə də, müxtəlif sual, versiya və ehtimallar bu günə qədər dolaşmaqdadır. Komissiyanın gəldiyi son nəticə çoxları üçün gözlənilməz olmuşdu. Təhqiqat komissiyası torpedonun partlaması nəticədə gəminin batması qənaətinə gəlmişdi. Amma başqa versiyaya görə, “Kursk”a gəmi əleyhinə olan ballistik raketlə atəş açılıb. Almaniyanın “Berliner Zeitung” qəzeti 2000-ci il sentyabr ayının 8-də iddia etmişdi ki, “Kursk” hərbi dəniz təlimlərində iştirak edən “Böyük Pyotr” gəmisindən buraxılan raketlə təsadüfən vurulub.


Başqa ehtimallar da az deyildi. Bununla bağlı CNN kanalında məşhur telejurnalist Larri Kinq Putinlə müsahibə zamanı “Kursk”a əslində nə olduğunu soruşanda Putin bir kəlmə ilə “Batdı”,- cavabını vermişdi.

Nazlı Cavadova
Azvision.az üçün


Teqlər: Kursk   Sirr  





Xəbər lenti