Türkiyə daşqınlarla mübarizə aparır: Ərdoğan fəlakət bölgəsinə gedib- FOTOLAR

  Türkiyə daşqınlarla mübarizə aparır:  Ərdoğan fəlakət bölgəsinə gedib- FOTOLAR
  13 Avqust 2021    Oxunub:1124
İki gün əvvəl Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində baş verən daşqınlar nəticəsində ölənlərin sayı artmaqdadır. Azvision.az yerli mediaya istinadən xəbər verir ki, Kastamonuda 25, Sinopda 2 nəfər həyatını itirib. Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı açıqlamada, bildirilir ki, avqustun 11-də Qərbi Qara dəniz bölgəsində başlayan şiddətli yağışlar nəticəsində Bartın, Kastamonu və Sinop şəhərlərində güclü meydana gəlib. Bartın əyalətindəki Ulus mahalının, Kastamonunun Azdavay, İnebolu, Bozkurt, Küre, Pınarbaşı, Sinop, Ayancık rayonlarının daşqından ciddi zərər gördüyü qeyd edilir. Təbii fəlakətdən dərhal sonra bütün əlaqədar qurumlar təxliyyə, axtarış-xilasetmə işlərinə başlayıb.



Bartının Ulus rayonunda 323 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib. Kastamonuda isə ümumilikdə 925 vətəndaşın təxliyə edildiyi bildirilir. Bundan başqa, Sinopun Ayancık bölgəsində 472 nəfər də fəlakət bölgəsindən uzaqlaşdırılıb.



Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sel fəlakətinin yaşandığı Kastamonuya gedib. O, Bozkurt rayonunda cümə namazından sonra xalqa etdiyi müraciətində hadisə ilə bağlı açıqlama verib.



"Fəlakətin ilk anından dövlət olaraq bütün gücümüzlə yanınızdayıq. Təəssüf ki, ölən qardaşlarımız var. Bartında itkin düşən vətəndaşımızın axtarışları isə davam edir", -Ərdoğan deyib.



Prezident Kastamonu, Bartın və Sinopun fəlakət bölgələri elan edildiyini bildirib. Sel fəlakəti ilə üz-üzə qalan vətəndaşların yüzdə doxsan beşinin xilas edildiyini ifadə edən Ərdoğan, dövlətin kredit dəstəyindən tutmuş, vergi təxirə salmalarına qədər bütün təcili tədbirləri gördüyünü bəyan edib. Onun sözlərinə görə fövqəladə vəziyyət yaranmayacağı təqdirdə mənzilləri zərər görənlərin evləri 1 il ərzində tamamlanacaq:



"Biz millətin yanındayıq və millətlə də bərabər yola davam edəcəyik. Bir ölür, min dirilərik. Fəlakətlərin öhdəsindən gəlirik və bunları da adlayacağıq. Antalyanı, Manavqat gördünüz. Amerika və Rusiya yanğınların öhdəsindən gələ bilmədi. Biz isə 20 gündə bu fəlakətlərdən xilas olduq. Nazir dostlarım gecə -gündüz demədən oradan aralanmadılar. Şükürlər olsun ki, keçmişdə zəlzələlər, bu yaxınlarda yanğınlar və indi də daşqınlar sayəsində tək ürək halına gəlməyi bacarırıq. Bu gün hər dövrdə olduğu kimi, bu araqarışdıranlar ölkəmizi ləkələyir və millətimiz arasında fitnə salmaq üçün ortaya çıxırlar".



Xatırladaq ki, son zamanlar dünyanın bir çox ölkəsində olduğu kimi Türkiyədə də təbii fəlakətlər tüğyan edir. Qardaş ölkə bundan öncə uzun müddət genişmiqyaslı meşə yanğınları ilə mübarizə apadı. İndi isə Türkiyədə gözlənilmədən başlayan leysan yağışlar ölkənin Qara dəniz bölgəsində faciəvi sel fəlakətinə səbəb olub. Son bir ay ərzində Amerika, Kanada, Yunanıstan və Almaniyada da oxşar təbii fəlakətlər yaşanıb.







Tural Tağıyev
Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan   Sel   Fəlakət  





Xəbər lenti