Hindistanın 75-ci Müstəqillik Günü münasibətilə Bakıda ağacəkmə tədbiri keçirilib

Hindistanın 75-ci Müstəqillik Günü münasibətilə Bakıda ağacəkmə tədbiri keçirilib
  15 Avqust 2021    Oxunub:826
Hindistanın Azərbaycandakı səfirliyi “Landau School” ilə birlikdə Hindistanın 75-ci Müstəqillik Gününün qeyd olunması ilə əlaqədar bu gün “Landau School”un “Sea Breeze” kampusunda 75 ağac əkib.
Hindistanın Azərbaycandakı səfirliyindən Azvision.az -a bildirilib ki, birgə tədbir Hindistan və Azərbaycan xalqlarının dayanıqlı ətraf mühitin yaradılması və təşviqi işinə ortaq sadiqliyini nümayiş etdirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Soltan Məmmədov tədbirə əsas qonaq qismində qatılıb və iştirakçılar qarşısında çıxış edib. Tədbirdə Azərbaycanda yaşayan hind diasporunun rəhbərləri və Hindistanın dostları da iştirak ediblər.

Bu münasibətlə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna tədbirin "Azadi ka Amrit Mahotsav" ( Müstəqilliyin dadı) devizi altında qeyd olunan Hindistanın Müstəqilliyinin 75-ci ildönümü (India@75) çərçivəsində təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, Hindistan hökuməti və xalqı bu ilin martından etibarən bu mühüm tarixi qeyd etməyə başlayıb və bayram tədbirləri 2023-cü ilin avqustuna qədər iki il davam edəcək. Hindistanın Müstəqilliyin 75-ci ildönümü (India@75) "Azadi ka Amrit Mahotsav" adlı təşəbbüs çərçivəsində qeyd edilir və bu iki il ərzində hindistanlılar mütərəqqi Hindistanın 75 illiyini və onun xalqının, mədəniyyətinin və nailiyyətlərinin şanlı tarixini xatırlayacaq və bayram edəcəklər.



Səfir bildirib ki, ağacəkmə tədbiri Hindistanın Müstəqilliyinin 75-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu ölkənin ətraf mühitin pisləşməsi və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini, eləcə də ətraf mühitin yaxşılaşdırılması istiqamətində konkret addımlar atmaq əzmində olduğunu nümayiş etdirir. O qeyd edib ki, Hindistan səmərəli energetika, təmiz enerji, meşəçilik və biomüxtəliflik sahəsində bir çox mühüm addımlar atıb və bu gün ölkənin qarşısında 2030-cu ilə qədər bərpa olunan enerji sahəsində 450 giqavatlıq istehsal gücünə nail olmaq kimi ambisiyalı məqsəd durur. Hindistan, həmçinin Beynəlxalq Günəş Enerjisi Alyansının və Fəlakətlərə Davamlı İnfrastruktur Koalisiyası kimi qlobal təşəbbüslərin yaradılmasında mühüm rol oynayıb. İqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayan bu iki təşkilatın qərargahı məhz Hindistanda yerləşir. Onun sözlərinə görə, Hindistanın adambaşına karbon emissiyası dünya üzrə göstəricidən 60 faiz aşağıdır. Səfir qeyd edib ki, Hindistan bu göstəriciyə əhalinin hələ də ənənəvi təcrübələrə əsaslanan həyat tərzi sayəsində nail ola bilib.






Teqlər:





Xəbər lenti