Əfqanıstan böhranı: Türkiyə, Rusiya və Çin regionun yeni sahibi olacaq

      Əfqanıstan böhranı:   Türkiyə, Rusiya və Çin regionun yeni sahibi olacaq
  18 Avqust 2021    Oxunub:1811
Əfqanıstan hökumətinin keçmiş müşaviri, italiyalı Qabriel Maniçça ölkədə və ümumilikdə regionda cərəyan edən prosesləri şərh edib. Azvision.az xəbər verir ki, Talibanın siyasi strategiyasından danışan Maniçça yeni hökumətin ikibaşlı oyun oynayacağını bildirib.
Taliblər bir tərəfdən bütün məsələləri sülh yolu ilə həll etmək istəyini bəyan edəcək, digər tərəfdən isə İslamın radikal formalarını tətbiq edəcəklər.

Əfqanıstan məsələləri üzrə mütəxəssis hesab edir ki, ABŞ -ın bölgəni tərk etməsindən sonra Türkiyə, Rusiya və Çin Əfqanıstandan Liviyaya qədər olan ərazilərdə yeni geosiyasi aktivlərin əsas sahibləri olacaqlar.

Onun sözlərinə görə, Talibanın Kabili ələ keçirməsindən sonra ABŞ bölgədəki son müttəfiqlərini də itirdi.

"Çox güman ki, yeni hökumət hər iki əllə hərəkət edəcək- biri dialoq aparacaq və beynəlxalq səviyyədə sivil görünməyə çalışacaq, digəri isə köhnə rejimlə kompromisləri pozacaq, qadınları qapalı saxlayacaq və terrorlar həyata keçirəcək",-italiyalı mütəxəssis söyləyib.

Onun fikrincə, hazırda əsas sual budur ki, taliblər ölkəni İslam aləmində dominant mövqe sərgiləyən "Səudiyyə matriçası" olmadan idarə edə biləcəkmi?

O, ABŞ -ın Əfqanıstandan çəkilməsinin dünyanın bu qaynar nöqtəsində yeni bir geosiyasi birləşmə meydana gətirəcəyini və "yeni aktyorlarla yeni ssenarilər" başlana biləcəyini də ehtimal edib.

"Pakistan əsasən Əfqanıstanın sünni cəmiyyəti ilə sıx bağlıdır. Şiə İranı isə qapılarını açıq saxlamaqla müsəlman Türkiyəyə ticarət, köç axınlarına təsir göstərəcək. O Türkiyə ki, Rusiya və Çinlə birgə Əfqanıstandan Liviyaya qədər olan ərazidə yeni geosiyasi aktivlərin əsas sahibi olacaq".

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti